İyunun 25-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 1550 müəllim (741 fizika, 809 informatika) sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.
BŞTİ-dən “Tehsil365”ə bildirilib ki, Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri imtahan mərkəzinə gəlib, sertifikatlaşdırma imtahanlarının gedişini izləyiblər.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi iyunun 18, 19, 20, 24 və 25-də Bakı şəhəri üzrə 9 imtahan mərkəzində təşkil edilib. Cari ildə paytaxtda 4500-dən çox müəllim sertifikasiyaya cəlb olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərə tədris fənni üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.
Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.