Rusiya Federasiyasının Novosibirsk şəhərində fəaliyyət göstərən Millətlərarası Dostluq Evinin sədri Nizami Mirzəyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub və direktor, texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.
“Tehsil365” xəbər verir ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə, Novosibirsk şəhərində yaradılması nəzərdə tutulan yeni elmi cəmiyyət – “Sibir–Azərbaycan” Mədəni Əlaqələrin İnkişafı və Təhsil Təşəbbüslərinin Dəstəyi üzrə Mərkəzin fəaliyyəti geniş şəkildə müzakirə olunub.
Həmçinin bildirilib ki, bu cəmiyyətin təşəbbüsü və dəstəyi ilə Novosibirsk şəhərindəki Rusiya Elmlər Akademiyası Sibir bölməsinin Dövlət Elmi-Texniki Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi yaradılacaq. Guşədə Azərbaycanın tarixi, mədəniyyəti və elmi irsini əks etdirən kitablar, materiallar və multimedia resursları toplanacaq.
Vurğulanıb ki, həm elmi mərkəzin, həm də Azərbaycan guşəsinin açılış mərasimində MEK direktorunun da iştirakı nəzərdə tutulur.
Görüşün sonunda qonaq Mərkəzi Elmi Kitabxananın zəngin fondu, rəqəmsallaşdırma imkanları və oxucular üçün yaradılmış müasir şəraitlə yaxından tanış olub.