Təhsil 365 - Logo Mobile

“Bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır” – Kamran Əsədov

10227.06.2025 - 08:50
“Bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır” – Kamran Əsədov

2025-ci il müəllimlərin sertifikasiya imtahanının təşkili ilə bağlı ortaya çıxan faktlar geniş ictimai narahatlığa səbəb olub. Ortaya atılan iddialar sadəcə səhlənkarlıq deyil, eyni zamanda düşünülmüş və sistematik pozuntuların baş verdiyini göstərir.

"Tehsil365" xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb:

2025-ci il müəllimlərin sertifikasiya imtahanının təşkili ilə bağlı ortaya çıxan faktlar, sadəcə səhlənkarlıq deyil – bu, düşünülmüş və sistematik pozuntularla müşayiət olunan, etibarı və obyektivliyi yerlə bir edən bir fəlakətdir. İmtahan zalları əvvəlcədən ‘rezerv olunmuş’ yerlərlə doldurulub, konkret adamlara ‘yer saxlanılıb’, digərlərinə isə orada oturmağa icazə verilmir. Bu açıq-aşkar saxtakarlığa hazırlıqdır. Əgər bir imtahan zalında oturacaq yerlər belə əvvəlcədən bölüşdürülübsə, bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır.

Sosial şəbəkələrdə və müəllimlər arasında yayılan məlumatlara görə, bəzi imtahan zalları əvvəlcədən “rezerv olunmuş” yerlərlə doldurulub, konkret şəxslərə “yer saxlanılıb” və digərlərinə orada oturmağa icazə verilməyib. Bu hal imtahanın obyektivliyinə ciddi şübhə yaradır.

Bundan əlavə, imtahan zamanı kompüterlərin “təsadüfən” sönməsi, donması və texniki problemlərin nəticələrin gecikməsi ilə nəticələndiyi bildirilir. İddialara görə, bu hallar tək-tük yox, kütləvi xarakter daşıyır və bəzi namizədlərə əlavə vaxt verilməsi, digərlərinin isə diqqətinin pozulması ilə nəticələnib. Bütün bunların imtahanın nəticələrinə birbaşa təsir etdiyi vurğulanır.

İmtahan prosesinə cavabdeh olan qurumun bu vəziyyətə nəzarətsiz yanaşdığı və ya məqsədli şəkildə bəzi maraqlara xidmət etdiyi ehtimalları da gündəmə gəlib.

Mütəxəssislər hesab edirlər ki, bu cür halların baş verməsi yalnız bir imtahanın deyil, bütövlükdə təhsil sistemindəki problemlərin və ədalətsizliklərin əlamətidir. Onlar bildirirlər ki, bu prosesin təşkilində məsuliyyət daşıyan şəxslər dərhal cavab verməli, pozuntular araşdırılmalı və nəticələr yenidən qiymətləndirilməlidir. Əks halda, sertifikasiya imtahanlarının hüquqi və pedaqoji legitimliyi ciddi şəkildə şübhə altına düşəcək.

Qeyd edək ki, son günlər keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesindən ciddi narazılıqlar var. Sosial şəbəkələrdə müəllimlər tərəfindən imtahanlarla bağlı ittihamlar səslənir. Elm və təhsil naziri Emin Əmrullayev isə narazılıqlara münasibət bildirərək deyib ki, sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacaq.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...