Azərbaycan Respublikası Prezidentinin Laçın şəhərindəki xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Slavyan Universitetinin və MDB-yə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Can Laçın” adlı məqalə müsabiqəsi elan edilib.
“Tehsil365” xəbər verirki, müsabiqə Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə hazırlanmış tədbirlər planı çərçivəsində keçirilir. Məqsəd Qarabağ və Şərqi Zəngəzurun, xüsusilə Laçın rayonunun tarixi rolu, geostrateji mövqeyi və zəngin mədəni irsi, eləcə də son illərdəki geosiyasi dəyişikliklərlə bağlı elmi yanaşmaların üzə çıxarılması və MDB ölkələrinin ictimaiyyətinə çatdırılmasıdır.
Tələbələr məqalələrini Azərbaycan, ingilis, türk və ya rus dillərində, yalnız Microsoft Word (.docx) formatında təqdim etməlidirlər. Məqalələr 5–8 səhifə həcmində olmalı, Times New Roman şriftində, 14 pt ölçüdə və 1.5 sətir aralığında yazılmalıdır. Məqalələrdə müəllifin adı, soyadı, universiteti, fakültəsi, ixtisası, tədris ili və qrupu göstərilməlidir. Xülasə və ədəbiyyat siyahısı mütləqdir. Plagiat və daha əvvəl dərc olunmuş materiallar qəbul edilmir.
Müsabiqənin əsas istiqamətləri aşağıdakılardır:
Azərbaycan tarixi və mədəniyyəti
Laçın rayonunun tariximizdəki yeri
Yeni geosiyasi reallıqlar
Laçından Qərbi Azərbaycana uzanan yol
Məqalələrin göndərilmə ünvanı: [email protected]
Son müraciət tarixi: 30 sentyabr 2025-ci il, saat 23:59
Məqalələr Bakı Slavyan Universitetində yaradılmış komissiya tərəfindən elmi əsaslandırma, texniki tələblərə uyğunluq və dil qaydalarına riayət prinsiplərinə əsasən qiymətləndiriləcək. Qaliblərin məqalələri dərc olunacaq, müəlliflər isə mükafatlandırılacaq.