Təhsil 365 - Logo Mobile

Elm, texnologiya və həyat: Süni intellektin ömrə təsiri

10329.07.2025 - 14:30
Elm, texnologiya və həyat: Süni intellektin ömrə təsiri

Kaliforniya Universitetində (UC San Diego) keçirilən toplantıda alimlər süni intellektin insan ömrünü necə uzada biləcəyini və bu prosesdə universitetlərin rolunu müzakirə ediblər.

"Tehsil365" Kaliforniya Universitetinin araşdırmalarına istinadən xəbər verir: Tədbirdə çıxış edən biomühəndis və Sağlam Yaşlanma Texnologiyaları Mərkəzinin həmsədri Dr. Kiana Aran bildirib ki, süni intellekt və biotexnologiya vasitəsilə yaşlanmaya müdaxilə etmək artıq elmi müzakirə mövzusudur. O, qeyd edib ki, 1900-cü illərdə insan ömrü cəmi 37 il idi, bu gün isə tibbi texnologiyalar və elmi irəliləyişlər sayəsində bu göstərici xeyli artıb.

Dr. Aran, UC Berkeley-də aparılan təcrübələrə istinad edərək, gənc qan plazmasının yaşlı heyvanlara yeridilməsi nəticəsində onların ürək, əzələ və zehni funksiyalarında ciddi canlanma müşahidə edildiyini deyib. Alimlər hazırda bu təsiri göstərən molekulları tapmaq və insanlara tətbiq etmək istiqamətində işləyirlər. Gələcəkdə genetik modifikasiya ilə yaşlanmanı yavaşlatmaq mümkün ola bilər.

Bu cür inkişaflar böyük miqdarda məlumatların analizini tələb edir. Genomik, protein, RNA və bədən göstəricilərinə dair geniş malumatları emal etmək isə yalnız süni intellektin gücü ilə mümkündür. Aran qeyd edir ki, insan faktoru çox vaxt yanlış məlumat yaradır, buna görə də düzgün analiz üçün AI əsaslı sistemlərə ehtiyac var.

Tədbirdə həmçinin süni intellektin etik və hüquqi məsələləri də önə çəkilib. Hong Kong və Tayvan universitetlərinin nümayəndələri məlumat paylaşımında bərabərsizliklərə, yüksək texnologiyaların yalnız inkişaf etmiş bölgələrdə istifadəsinə və bu sahədə mövcud geosiyasi gərginliklərə diqqət çəkiblər.

Hong Kong Elm və Texnologiya Universitetinin rəhbəri Dr. Nancy Ip qeyd edib ki, geyilə bilən texnologiyalar, ağıllı saatlar və AI sistemləri sağlamlıq sahəsində inqilabi dəyişiklik yaratsa da, bu texnologiyalara çıxış bərabər şəkildə təmin olunmalıdır. O, süni intellektin yalnız ömrü uzatmaq üçün deyil, həm də insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilməli olduğunu vurğulayıb.

Tayvan nümayəndəsi Lin Chi-Hung isə qeyd edib ki, səhiyyədə istifadə olunan məlumatlar çoxsaylı mənbələrdə – xəstəxanalar, hökumət qurumları, sığorta şirkətləri və s. – saxlanılır və bu məlumatların koordinasiyası mürəkkəbdir. Üstəlik, etnik müxtəliflik və yaşlı əhali statistikada yetərincə təmsil olunmur.

Konfransda universitet rəhbərləri süni intellektin sağlamlıq, təhsil və tədqiqat sahələrində etik, bərabər və faydalı şəkildə tətbiqi üçün daha güclü əməkdaşlığa çağırış ediblər. Təklif olunub ki, APRU çərçivəsində “Süni İntellekt və Uzunömürlülük Mərkəzi” yaradılaraq regionlararası məlumat və resurs mübadiləsi həyata keçirilsin.

Aydan İsayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...