Təhsil 365 - Logo Mobile

OpenAI-nin yeni tədris rejimi: Öyrədir, yoxsa əvəz edir?

14831.07.2025 - 15:56
OpenAI-nin yeni tədris rejimi: Öyrədir, yoxsa əvəz edir?

OpenAI, "Study Mode" (Tədris rejimi) adlandırdığı yeni bir funksiyanı istifadəyə verib. Bu rejim tələbə və şagirdləri aktiv öyrənməyə təşviq etməyi hədəfləyir. Əvvəllər ChatGPT mövzu ilə bağlı birbaşa cavab təqdim edirdisə, indi isə istifadəçiləri mərhələli şəkildə düşünməyə və mövzunu dərindən anlamağa yönəldir. Bu yeni təcrübə yalnız ödənişli istifadəçilər üçün deyil, pulsuz versiyadan istifadə edənlər üçün də əlçatandır. OpenAI yaxın həftələrdə bu funksiyanın ChatGPT Edu vasitəsilə təhsil müəssisələrinə də təqdim ediləcəyini açıqlayıb.

Məhz bu yeniliyin fonunda belə bir sual yaranır:

Süni intellektin məktəblərdə tətbiqi uşaqların zehni və intellektual inkişafına necə təsir edə bilər? Bu proses nə dərəcədə faydalı və sağlam hesab edilə bilər?

Mövzu ilə bağlı Elm və Təhsil eksperti Rizvan Fikrətoğlu "Tehsil365"ə fikirlərini bildirib:

"Süni intellektin məktəblərdə istifadəsi təhsildə dönüş nöqtəsi sayılsa da, bu texnologiya uşaqlara həm müsbət, həm də mənfi təsir edə bilər. Müsbət cəhətləri ondan ibarətdir ki, süni intellekt uşağın bilik səviyyəsinə və öyrənmə sürətinə uyğun fərdi dərs planı tərtib edərək daha effektiv öyrənməyə imkan yaradır. Həmçinin, kreativlik və problem həll etmə bacarıqlarını inkişaf etdirir, uşaqlara yeni ideyalar qurmaq və məlumatları təhlil etmək imkanı verir. Süni intellekt çox vaxt müəllimin köməkçisi kimi istifadə olunur və şagirdlərə dərs saatlarından sonra da suallarına cavab tapmaqda kömək edir, bu da öz-özünə öyrənməni təşviq edir.

Mənfi tərəfləri isə süni intellektin tənbəllik və düşünmə vərdişlərini zəiflədə bilməsidir. Əgər uşaqlar yalnız cavab almaq üçün AI-dən istifadə edərlərsə, öz fikirlərini formalaşdırmaq və məntiqi əlaqələr qurmaq qabiliyyətləri azalır. Bundan əlavə, davamlı şablon cavablarla işləmək yaradıcılığa zərər verə, emosional və sosial bacarıqların zəifləməsinə səbəb ola bilər. Əgər süni intellekt müəllim və sinif yoldaşları ilə ünsiyyəti əvəz edərsə, uşaqlarda emosional zəka və komanda işinə təsir göstərə bilər.

Finlandiya, Sinqapur, Estoniya və Cənubi Koreya kimi ölkələrdə süni intellektdən balanslı istifadə edilir — texnologiya dərsləri tamamlayır, amma müəllimi əvəz etmir. Doğru yanaşma ilə tətbiq olunduqda süni intellekt uşaqların əqli inkişafına müsbət təsir göstərir, lakin nəzarətsiz istifadəsi asılılıq və emosional zəiflik yarada bilər. Beləliklə, süni intellekt müəllimin yardımçısı, şagirdin isə dəstəkçisi rolunu oynamalıdır."


Aydan İsayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...