Təhsil 365 - Logo Mobile

“Rəqabət pik həddə çatır: Abituriyentlər ixtisas seçiminə ehtiyatla yanaşsın” – Təhsil ekspertindən xəbərdarlıq

19805.08.2025 - 15:50
“Rəqabət pik həddə çatır: Abituriyentlər ixtisas seçiminə ehtiyatla yanaşsın” – Təhsil ekspertindən xəbərdarlıq

Abituriyentlərin ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. İxtisas qruplarına görə vəziyyətlə bağlı rəsmi statistika hələlik açıqlanmasa da, təcrübəli təhsil eksperti Ramin Nurəliyev bu istiqamətdə ilkin təhlilini təqdim edib.

Ekspert “Tehsil365”ə açıqlamasında bildirib ki, bu il xüsusilə I ixtisas alt qrupunda (riyaziyyat-informatika) və IV ixtisas qrupunda (tibb sahələri) ciddi rəqabət müşahidə olunacaq:

"Birinci ixtisas alt qrupunda riyaziyyat və informatika sahələrində birmənalı şəkildə çox ciddi rəqabət olacaq. Eyni zamanda, IV ixtisas qrupunda – xüsusilə də tibb ixtisaslarında – rəqabətin olduqca yüksək olacağı gözlənilir. Abituriyentlər seçim etməzdən əvvəl mütləq statistik analiz aparmalı və peşəkarla məsləhətləşməlidirlər."

Ramin Nurəliyev qeyd edib ki, II ixtisas qrupunda vəziyyət nisbətən sabitdir:

"Əgər düzgün seçim etsələr, abituriyentlər II qrup üzrə rahatlıqla qəbul ola bilərlər."

III ixtisas qrupunda bəzi ixtisaslarda vəziyyət gərgin olsa da, digər ixtisaslarda ciddi problem müşahidə olunmur.

Ekspert həmçinin vurğulayıb ki, bu il blok imtahanında 100 balı keçməyən (yəni 50-100 bal toplayan) abituriyentlərin sayı kifayət qədərdir. Bu isə onların yalnız məhdud sayda ixtisaslara seçim edə biləcəyi anlamına gəlir. Bu ixtisaslar sırasında:

I qrupda: kənd təsərrüfatı, meşəçilik, şərabçılıq, aqronomluq

II qrupda: biznesin idarə edilməsi, marketinq, turizm

III qrupda: sosial iş, muzey-arxiv işi

IV qrupda: ekologiya, bitki mühafizəsi və s.

Həmin ixtisaslara qarşı bu səbəbdən də ciddi rəqabət gözlənilir.

V ixtisas qrupunda isə – xüsusilə idmandizayn sahələrində – qabiliyyət tələb etməyən ixtisaslara müraciət çox olacaq:

"Bu il buraxılış imtahanından əldə olunan nəticə əsasında yalnız qabiliyyət tələb etməyən dizayn ixtisaslarına müraciət oluna bilər. Ona görə də balların 180+ səviyyəsində olacağı gözlənilir. Gəncə və bəzi bölgələrdə bal azca aşağı ola bilər", – deyə Ramin Nurəliyev bildirib.

Sonda ekspert abituriyentlərə ixtisas seçimi zamanı mütləq sahənin mütəxəssisləri ilə məsləhətləşməyi tövsiyə edib.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...