Azərbaycanda süni intellektin ümumtəhsil məktəblərində müəllimləri əvəz etməsi hələ real görünmür.
Bu fikirləri təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, süni intellekt dünyada təhsilin müxtəlif sahələrində tətbiq olunsa da, Azərbaycan bu prosesdən hələ uzaqdır:
“Düşünmürəm ki, tezliklə Azərbaycanda süni intellekt müəllimləri əvəz etsin. Amma heç olmasa dünya standartlarına bir qədər yaxınlaşmaq təşəbbüsü götürsək, məsələn, onlayn dərsliklər, platformalar tətbiq olunsa, bu belə böyük addım olar. Düzdür, bu, ümumtəhsil məktəblərinə tam şəkildə tətbiq oluna bilməz. Ancaq imkanlar genişləndirilməlidir”.
Ekspert parlamentdə distant təhsilin müzakirəyə çıxarılmasına da toxunub:
“Parlamentimiz düz üç ildir ki, distant təhsil modelinin tətbiqi ilə bağlı məsələni müzakirə edir. Amma hələ də konkret qərar yoxdur. Halbuki dünyanın hər yeri bu ildən distant təhsilin daha da inkişafından danışır, biz isə ona keçə bilmirik”.
Məzahir Məmmədli hesab edir ki, Azərbaycan Boloniya sisteminə qoşulubsa, müəyyən beynəlxalq standartlara da uyğunlaşmalıdır:
“O standartlar içərisində ən vacib komponentlərdən biri distant təhsildir. Biz bu təcrübəni pandemiya dövründə yaşadıq və müəyyən qədər müvəffəq nəticələr əldə etdik. Təəssüf ki, bu günə qədər bu sistemi rəsmi şəkildə tətbiq etməmişik. Halbuki bəzi fənlər məsafədən tədris oluna bilər”.
Ekspert ümid edir ki, bu məsələ gələn il qanunverici orqanda diqqətə alınacaq:
“Ümid edirik ki, heç olmasa parlament 2026-cı il üçün distant təhsillə bağlı konkret bir addım atacaq”.