Təhsil 365 - Logo Mobile

Qulu Məhərrəmli: "Esse yazmaqla jurnalist yetişməz!"

10108.08.2025 - 11:56
Qulu Məhərrəmli: "Esse yazmaqla jurnalist yetişməz!"

Xəbər verdiyimiz kimi, jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilmiş qabiliyyət imtahanının nəticələri elan olunub. İmtahana 1071 abituriyent qeydiyyatdan keçib, onlardan 253 nəfəri imtahana qatılmayıb. Qalan 818 nəfərdən 745-i “məqbul” qiymət alaraq bu mərhələni keçib.

Bu zaman düşündürücü bir sual ortaya çıxır: cəmiyyətin “dördüncü hakimiyyət” adlandırdığı jurnalistləri sadəcə bir esse ilə seçmək bu qədər asan olmalıdırmı?

"Tehsil365" mövzu ilə bağlı jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli ilə əlaqə saxlayıb.

Qulu Məhərrəmli bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) boş yerə vəsait, kağız və zaman xərcləyib, gərəksiz imtahanla məşğul olmamalıdır:

“Bu məsələdə polemika yaratmağa ehtiyac yoxdur. Yeganə çıxış yolu jurnalistikaya qəbulda – həm bakalavriat, həm də magistratura səviyyəsində – “qabiliyyət imtahanı” deyilən gərəksiz və faydasız prosedurun aradan qaldırılmasıdır. Dövlət İmtahan Mərkəzi bu imtahanlarla vaxt və resurs israf etməməlidir. Təklifim odur ki, bu imtahan ləğv olunsun.”

Professorun fikrincə, esse və felyeton yazmaq – yəni subyektiv hissləri ifadə edən bədii yazı nümunələri – jurnalistikanın deyil, ədəbi yaradıcılığın sahəsidir:

“Əgər özümüzü Türkiyə ilə müqayisə etsək, orada jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı yoxdur. Bizdə bu sistemin qorunub saxlanması Sovetdən qalma düşüncənin nəticəsidir. Guya yaxşı jurnalist esse və oçerk yazmalıdır. Halbuki bu, jurnalistikanın mahiyyəti deyil.”

Qulu Məhərrəmli qeyd edib ki, yaxşı jurnalist hazırlamaq üçün tədris prosesi gücləndirilməli, peşəkar jurnalistlər dərs deməli və tələbələr sahəni praktik mühitdə öyrənməlidirlər:

“Əks halda, bəsit mövzularda yazılmış esse və oçerklərlə jurnalist yetişdirmək mümkün deyil. Bu, sadəcə formal yanaşmadır və heç bir zəmanət vermir.”

Mövzuyla bağlı təhlillər göstərir ki, qabiliyyət imtahanı tətbiq olunduğu illərdə jurnalistika ixtisasına keçid balları aşağı düşüb. Bu isə ixtisasa təsadüfi və “elə-belə” gəlmiş abituriyentlərin sayını artırıb. Qabiliyyət imtahanının olması belə halların qarşısını almayıb, əksinə bəzən daha ciddi problemlərə yol açıb.

Unudulmamalıdır ki, ixtisasa təsadüfi düşənlər yalnız jurnalistikada deyil, hüquq, müəllimlik, mühəndislik və digər sahələrdə də var. Vacib olan, həmin sahənin simasını formalaşdıracaq istedadlı, məsuliyyətli və peşəkar insanların seçilməsi və yetişdirilməsidir.

Bu baxımdan, qabiliyyət imtahanının saxlanılması ilə bağlı arqumentlər cəmiyyətə xeyir vermir. Əksinə, bu yanaşma jurnalistikanın inkişafına maneə törədə bilər.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...