OpenAI, Elon Musk-a məxsus xAI şirkətinin Grok modeli üzərində qələbə qazanaraq “ən güclü süni intellekt şahmat oyunçusu” titulunu əldə edib. Turnirin qalibi OpenAI-nin yeni nəsil o3 modeli olub.
"BBC”news-un verdiyi məlumata əsasən “Tehsil365” xəbər verir ki, tarixən şahmat, kompüterlərin inkişaf səviyyəsini ölçmək üçün texnologiya şirkətləri tərəfindən tez-tez istifadə olunub. İndiki turnirin fərqi isə ondadır ki, yarışda xüsusi şahmat proqramları yox, gündəlik tapşırıqlar üçün hazırlanmış süni intellektlər iştirak edib.
Finalda OpenAI-nin o3 modeli, Grok 4-ü ardıcıl və inandırıcı qələbələrlə üstələyib. Grok isə bir neçə dəfə ciddi səhvlərə yol verərək, hətta kraliçasını (vəzirini) itirməklə nəticələnən gedişlər edib.
Turnirdə Google-un Gemini modeli üçüncü yeri tutaraq başqa bir OpenAI modelini məğlub edib. Ümumilikdə, yarış Google-a məxsus Kaggle platformasında keçirilib və üç gün davam edib. Burada OpenAI, xAI, Google, Anthropic, eləcə də Çin şirkətləri DeepSeek və Moonshot AI-nin modelləri mübarizə aparıb.
Şahmat niyə süni intellekt üçün əhəmiyyətlidir?
Şahmat və Go kimi mürəkkəb qaydalı strategiya oyunları, süni intellektlərin plan qurma və nəticə əldə etmə bacarığını ölçmək üçün mühüm alətlərdən sayılır. Keçmişdə Google-un AlphaGo proqramı ən güclü insan oyunçularını məğlub edərək texnologiya tarixində iz qoymuşdu.
1990-cı illərin sonunda isə dünya şahmat çempionu Qari Kasparov, IBM-in Deep Blue superkompüterinə qarşı uduzaraq kompüterlərin insan strategiyasına çata bildiyini göstərmişdi.
Bu dəfəki OpenAI–xAI qarşıdurması isə iki texnologiya nəhənginin süni intellekt sahəsindəki rəqabətini daha da alovlandırıb. Elon Musk finaldan əvvəl iddia etmişdi ki, Grok-un əvvəlki uğurları “yan təsadüf” olub və modelin şahmata demək olar ki, heç vaxt xüsusi hazırlaşdırılmadığını bildirib.