Pekində, mexaniki ofisiantlardan tutmuş məşhur alim Albert Eynşteynin insan ölçüsündə surətinə qədər müxtəlif robotların satıldığı yeni “Robot Mall” mağazası fəaliyyətə başlayıb. Cümə günü açılışı olan mağaza Çində humanoid və məişət tipli robotların satıldığı ilk ünvanlardan biridir.
“BBC” news-un verdiyi məlumata əsasən “Tehsil365” xəbər verir ki, Burada 100-dən çox növ məhsul müştərilərə təqdim olunur. Mağaza avtomobil salonları kimi fəaliyyət göstərərək satışla yanaşı ehtiyat hissələri və texniki xidmət də təklif edir.
Çin hökuməti son illər iqtisadi artımın yavaşlaması və əhalinin yaşlanması kimi problemləri həll etmək üçün robototexnika və süni intellekt sahəsinə milyardlarla yuan sərmayə yatırıb. Mağaza rəhbəri Vanq Yifan bildirib ki, “Robotların minlərlə evə daxil olması üçün yalnız istehsalçı şirkətlər kifayət deyil.”
Satışda olan robotların qiyməti 2 min yuandan (təxminən 278 ABŞ dolları) başlayaraq bir neçə milyon yuana qədər dəyişir. Burada it formalı robotlar, şahmat oynayan modellər və humanoid xidmətçilər mövcuddur. Müştərilər, həmçinin ehtiyat hissələri bölməsindən yararlana və robot texniki baxış xidmətindən istifadə edə bilərlər.
Mağaza ilə yanaşı yerləşən tematik restoranda isə müştərilərə robot ofisiantlar xidmət göstərir, yeməklər isə tamamilə mexaniki aşpazlar tərəfindən hazırlanır.
Çin hökuməti ötən il yalnız robototexnika sahəsinə 20 milyard dollardan çox subsidiya ayırıb və yaxın zamanda süni intellekt və robototexnika startapları üçün 1 trilyon yuanlıq xüsusi fond yaratmağı planlaşdırır.
“Robot Mall”ın açılışı ilə eyni vaxtda Pekində beş gün davam edəcək Dünya Robot Konfransı da start götürüb. Bu ilki tədbirdə 200-dən çox yerli və xarici şirkətin 1 500-dən artıq robot nümunəsi nümayiş olunur.
Avqustun 14–17-si tarixlərində isə Pekin ilk dəfə Dünya Humanoid Robot Oyunlarına ev sahibliyi edəcək. Yarışlarda 20-dən çox ölkədən komandalar atletika, rəqs və futbol kimi növlərdə mübarizə aparacaqlar.