Təhsil 365 - Logo Mobile

“Vaşinqtonda İmzalanan Bəyanat Cənubi Qafqazda Sülhün Növbəti Pilləsidir”

13509.08.2025 - 15:19
“Vaşinqtonda İmzalanan Bəyanat Cənubi Qafqazda Sülhün Növbəti Pilləsidir”

8 avqust 2025-ci ildə Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanan üçtərəfli birgə bəyanat Cənubi Qafqaz regionunda təhlükəsizlik abituraturasına yeni mərhələ qoyur.

Bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi şərhçisi Üzeyir Mustafayev "Tehsil365 "ə açıqlamasında bildirib.

" Təxminən 5 il əvvəl, 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə başa çatan 44 günlük Vətən Müharibəsini yekunlaşdıran üçtərəfli bəyanat Azərbaycanın döyüş meydanındakı qalibiyyəti ilə Ermənistanın kapitulyasiya aktına imza atması ilə nəticələnmişdi."

Siyasi şərhçi Üzeyir Mustafayev qeyd edir:

“Dünən imzalanmış bu üçtərəfli bəyanat Azərbaycan diplomatiyasının, xarici siyasətinin, xüsusilə də 5 il əvvəl müzəffər Ali Baş Komandan kimi döyüş meydanında düşməni kapitulyasiya aktına məcbur edən cənab Prezident İlham Əliyevin diplomatik məharətinin nəticəsidir. Bu, təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz respublikaları, həmçinin ‘3+3’ formatında – yəni Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İran üçün də böyük uğurdur.”

Mustafayev iki mühüm məsələyə diqqət çəkir:

“Birincisi, ATƏT-in Minsk Qrupunun buraxılmasıdır. Həm Ermənistan, həm Azərbaycan eyni anda müraciət edərək bu qurumun buraxılmasını tələb edir. İkincisi isə Ermənistanın Konstitusiyasında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı olan müddəaların çıxarılması məsələsidir.”

O bildirir ki, bəyanatda “Xarici İşlər Nazirliyi səviyyəsində sülh işləri planlanıb,” yəni artıq sülh müqaviləsinin mətni hazırdır və ona düzəliş olunmayacaq:

“Bu böyük uğurdur. Amma yekun imzalanma üçün ratifikasiya məsələləri var. Ermənistan Konstitusiyasında dəyişikliklər edilməlidir ki, bu da 2027-ci ildə planlaşdırılır. Bu dəyişikliklər yekun sülhün və tərəflər arasında qarşılıqlı etimadın formalaşmasının əsasıdır.”

Mustafayev həmçinin regional və beynəlxalq aspektlərə toxunur:

“Cənubi Qafqaz uzun müddət Rusiya Federasiyasının tarixi maraq dairəsində olub. Heç vaxt kənar qüvvələrin təsirinə rəğbət göstərilməyib. Amma görünür ki, Rusiya regionda kifayət qədər təsir göstərə bilməyib, münaqişə 35 ilə yaxın davam edib. ABŞ-ın vasitəçiliyi ilə imzalanan bu bəyanat ‘Trump Route’ – yəni Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan arasında birbaşa əlaqə yaradan tranzit dəhlizin açılması məsələsini ortaya qoyur. Bu dəhliz 99 il müddətinə ABŞ-a icarəyə veriləcək və infrastruktur ABŞ tərəfindən formalaşdırılacaq.”

O vurğulayır ki:

“Bu 35 ildə Rusiya regionun təhlükəsizliyi və sabitliyinin formalaşmasında kifayət qədər rol oynamayıb. ABŞ isə artıq bir addım önə keçib. Bu marşrut yalnız Azərbaycanın yox, bütövlükdə regionun geosiyasi və geoiqtisadi maraqlarına xidmət edir. Ermənistan üçün də faydalıdır, çünki yük daşımalarında daha əlverişli yol formalaşacaq və ümumilikdə Cənubi Qafqazda təhlükəsizliyin əsasını qoyacaq.”

Nəticə olaraq, Üzeyir Mustafayevin fikrincə, dünən imzalanan üçtərəfli bəyanat Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması baxımından böyük əhəmiyyətə malikdir.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...