Təhsil 365 - Logo Mobile

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı iclas keçirilib

6413.08.2025 - 06:58
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı iclas keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın icrası üzrə icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması ilə əlaqədar ilk iclas keçirilib.

İİTKM-dən “Tehsil365”ə bildirilib ki, mərkəzin icraçı direktorunun müavini Ayaz Museyibov sözügedən Fəaliyyət Planının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və hesabatlılıq mexanizmi barədə ətraflı məlumat verib.

Görüşdə Fəaliyyət Planının Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün İİTKM tərəfindən icraçı qurumlara nümunəvi forma nümayiş etdirilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi Fəaliyyət Planının monitorinq və qiymətləndirilməsinin Modul üzərindən həyata keçirilməsi prosesi barədə müzakirələr aparılıb.

İclasda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Audiovizual Şurasının, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...