“WhatsApp" tərtibatçıları Rusiyada zənglərin qismən məhdudlaşdırılmasına münasibət bildiriblər. Onların sözlərinə görə, bütün dünyada, o cümlədən Rusiya istifadəçiləri üçün "end-to-end" şifrələmə ilə qorunan ünsiyyəti təmin etmək üçün mümkün olan hər şeyi görəcəklər.
“Tehsil365” xəbər verir ki, bu barədə mesencerin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
Məlumata görə, Rusiyada təxminən 100 milyon insan "WhatsApp"dan istifadə edir.
Xatırladaq ki, "Roskomnadzor" Rusiyada "Telegram" və "WhatsApp" mesencerlərində zənglərin qismən məhdudlaşdırılması istiqamətində tədbirlər gördüyünü açıqlayıb. Qurumun izahına görə, bu platformalar Rusiya vətəndaşlarını aldatmaq, pul mənimsəmək, diversiya və terror fəaliyyətinə cəlb etmək üçün istifadə olunan əsas səsli rabitə xidmətlərinə çevrilib.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə əlavə edib ki, zəng funksiyasına giriş yalnız ölkə qanunvericiliyinin tələbləri yerinə yetirildikdən sonra bərpa olunacaq.