Təhsil 365 - Logo Mobile

Regionlarda intellektual yarışların rolu nədir?

19314.08.2025 - 15:00
Regionlarda intellektual yarışların rolu nədir?

Avqustun 14-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Brain Ring” intellektual yarışının Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə yerli turu start götürüb. Yarış Şəki şəhər R.Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutub.

Tehsil365” məlumatına əsasən, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımız uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra 4 komanda - hər biri 6 nəfərdən ibarət olmaqla - bilik və çevikliklərini nümayiş etdirmək üçün mübarizəyə qoşulub. Gərgin və dinamik keçən yarışda “Zəfər” komandası qalib gələrək final mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsini təmsil etmək hüququ qazanıb.

Qalib komandaya Regional Təhsil İdarəsinin diplomları, iştirakçılara isə ETİHİ Şəki şəhər komitəsinin hədiyyələri təqdim olunub. Yarışın məqsədi yalnız əyləncə deyil - həm də komanda quruculuğunun möhkəmləndirilməsi, əməkdaşlar arasında ünsiyyətin və əməkdaşlıq ruhunun gücləndirilməsidir.

Regionlarda intellektual yarışların rolu nədir?

Mütəxəssislərin fikrincə, bu tip tədbirlər bölgələrdə təhsil işçilərinin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, həm də kollektivlər arasında əlaqələri möhkəmləndirir. İntellektual oyunlar, xüsusilə “Brain Ring”, iştirakçılara qısa zamanda düzgün qərar vermə, məntiqi düşünmə və komanda ilə işləmə bacarıqlarını təcrübədə sınamaq imkanı yaradır.

Qalib “Zəfər” komandasının üzvləri bildirirlər ki, yarışa hazırlıq prosesi onların kollektiv daxilində münasibətlərini daha da gücləndirib:

“Biz yalnız biliklərimizi yox, həm də bir-birimizə inamımızı sınadıq. Final mərhələsində də bölgəmizi layiqincə təmsil etməyə çalışacağıq,” - komanda kapitanı qeyd edib.

Yerli mərhələnin nəticələrinə əsasən, ölkə üzrə 13 yerli bölmənin qalib komandaları və Agentliyin komandası yekun mərhələdə qarşılaşacaq. Nəticələrə görə yalnız 3 komanda qalib seçiləcək və xüsusi mükafatlarla təltif olunacaq.

“Zəfər” komandasına finalda uğurlar arzulayır və ümid edirik ki, regionun intellektual potensialını daha geniş arenada nümayiş etdirəcəklər.

Fatimə Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...