Təhsil hər bir ölkənin inkişaf strategiyasının əsas dayaqlarından biridir. Qafqaz regionunda yer alan Azərbaycan və Gürcüstan təhsil strukturu baxımından oxşar mərhələlərə malik olsa da, tətbiq olunan illik sistem, məcburi təhsil müddəti və resurs təminatı baxımından fərqlənir.
“Tehsil365” araşdırmasına əsasən, təhsil strukturu və mərhələlər haqqında danışacayıq. Qeyd edək ki, Azərbaycan 11 illik təhsil sistemi tətbiq etdiyi halda, Gürcüstan isə 1 il əlavə tədris icra edir. Bunun səbəbi 12 illik sistemi tətbiq etməklə şagirdlərə əlavə bir il təhsil müddəti verərək bilik və bacarıqlarını möhkəmləndirməyə imkan yaradır. Bu, həm ixtisaslaşma və peşə hazırlığını, həm də ali məktəbə hazırlığı daha səmərəli edir. Eyni zamanda, əlavə il şagirdlərin sosial və psixoloji inkişafını dəstəkləyir.
Daha sonra Azərbaycanda məktəbəqədər hazırlıq mərhələsi 1 il, ibtidai təhsil 1–4-cü siniflər, ümumi orta təhsil 5–9-cu siniflər, tam orta təhsil isə 10–11-ci siniflərdən ibarətdir. Məcburi təhsil 9-cu sinfə qədərdir, yəni 6–15 yaş aralığını əhatə edir. 10–11-ci siniflərdə şagirdlər əsasən ixtisaslaşmaya başlayır, seçilmiş istiqamət-texniki, humanitar və ya təbiət elmləri üzrə biliklərini dərinləşdirirlər.
Gürcüstanda isə ibtidai mərhələ 1-6-cı sinifləri, əsas mərhələ 7-9-cu sinifləri, tam orta mərhələ isə 10-12-ci sinifləri əhatə edir. Məcburi təhsil 9-cu sinfə qədərdir (təxminən 6-14 yaş). Orta mərhələ artıq məcburi deyil və daha çox ali və ya peşə təhsilinə hazırlıq məqsədi daşıyır.
Məcburi təhsildən sonra qiymətləndirmə və sertifikatlaşma mərhələsinin oxşar və fərqli cəhətləri bunlardır:
Azərbaycanda 9-cu sinfi bitirən şagirdlər ümumi orta təhsil haqqında şəhadətnamə alır. 11-ci sinif məzunları ali məktəbə qəbul üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak edirlər. Bu imtahanlar 2017-ci ildən ildə iki dəfə təşkil olunur.
Gürcüstanda isə 9-cu sinfi bitirənlər “Basic General Education Certificate” əldə edir. Tam orta təhsili başa vuranlara isə “Full General Education Certificate” verilir. Ali məktəbə qəbul vahid milli imtahan - Unified National Examination vasitəsilə həyata keçirilir.
Resurs təminatı və infrastruktur arasında fərqlər:
Azərbaycan dövlət məktəblərində təhsil və dərsliklər pulsuzdur. Son illərdə kurikulum yenilənməsi, elektron təhsil və müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində islahatlar həyata keçirilir. HRMI göstəricilərinə görə, Azərbaycanda təhsil hüququnun təminatı ibtidai mərhələdə 81%, orta mərhələdə isə 90.3%-dir.
Gürcüstan isə məktəb infrastrukturu və texnologiyanın tətbiqi baxımından regionda fərqlənir. Dövlət məktəblərində təhsil pulsuz olmaqla yanaşı, 1-ci sinif şagirdlərinə notbook hədiyyə olunur, məktəblərin böyük əksəriyyətində internet mövcuddur. HRMI göstəricilərinə görə, ölkədə ibtidai təhsilin təminatı 90.7%, orta təhsilin təminatı isə 97.8%-dir.
Bəs bu fərqlər beynəlxalq göstəricilərə necə təsir edir?
Hər iki ölkədə savadlılıq səviyyəsi 100%-ə yaxındır. Təhsilə ayrılan xərclər ÜDM-in təxminən 3.6–3.7%-ni təşkil edir. Ali təhsil səviyyəsinə baxdıqda, Gürcüstanda bakalavr dərəcəsinə sahib olanların nisbəti (34.5%) Azərbaycana (17.7%) nisbətən xeyli yüksəkdir.
Nəticə etibarilə, Azərbaycan və Gürcüstan təhsil sistemlərinin əsas oxşarlığı - mərhələli struktur, məcburi təhsilin 9-cu sinfə qədər olması və dövlət tərəfindən təminatlı pulsuz təhsil xidmətidir. Əsas fərqlər isə illik təhsil müddətində, texnologiya tətbiqində və ali təhsil səviyyəsində özünü göstərir. Gürcüstan daha uzun - 12 illik sistem tətbiq edərək texnoloji imkanları gücləndirir, Azərbaycan isə 11 illik modeldə ixtisaslaşmanı daha erkən mərhələyə keçirir.