Təhsil 365 - Logo Mobile

Məktəbli formalarının qiymətləri: endirimlər, keyfiyyət və təhlükələr

20615.08.2025 - 16:55
Məktəbli formalarının qiymətləri: endirimlər, keyfiyyət və təhlükələr

Bakı Tikiş Evi (BTE) yeni tədris mövsümünə hazır olduğunu və məktəbli formalarının qiymətlərində ciddi endirimlər tətbiq etdiyini açıqlayıb.

Tehsil365”in məlumatına əsasən, müəssisənin şöbə müdiri Etibar Əzimov bildirib ki, endirimlər iyulun 1-dən qüvvədədir və bütün ölçülər üzrə eyni qiymət siyasəti tətbiq olunur. Qısaqollu köynəklər 12 manatdan 8 manata düşüb ki, bu, təxminən 33 faiz endirim deməkdir. Uzunqollu köynəklərin qiyməti 12 manatdan 10 manata enib və bu, 17-18 faiz endirimə bərabərdir. Jaketlərin qiyməti 30 manatdan 20 manata düşüb ki, bu da 33 faiz endirimdir. Şalvar və ətəklər isə 20 manatdan 15 manata enib.

Etibar Əzimov bazarda mənşəyi məlum olmayan və çox ucuz qiymətə satılan məktəbli formalarının mövcudluğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, iki manata satılan köynəyin keyfiyyətli olması mümkün deyil. Belə məhsullar uşaqlarda allergiya və dəri xəstəliklərinə səbəb ola bilər. Həmçinin bu cür geyimlər bir dəfə yuyulduqdan sonra tam yararsız vəziyyətə düşür. Şöbə müdiri valideynlərə xəbərdarlıq edərək təsadüfi yerlərdən forma almamağı tövsiyə edib.

Nazirlər Kabinetinin qərarına əsasən, bütün məktəbli köynəkləri 100 faiz pambıqdan hazırlanmalıdır. Bakı Tikiş Evi parçaları Özbəkistandan gətirir və yerli istehsalda istifadə edir. Şalvar və ətəklər Belarus və Türkiyədən alınır, onların tərkibi isə 60 faiz yun, 40 faiz poliester təşkil edir. Müəssisə bütün məhsullarına zəmanət verir.

Son illərdə məktəbli formaları bazarında ucuz, lakin keyfiyyətsiz məhsulların çoxalması həm istehlakçı hüquqlarının pozulmasına, həm də uşaqların sağlamlığına ziyan vurur. Qiyməti real bazar dəyərindən aşağı olan geyimlərdə keyfiyyətli xammaldan istifadə edilməsi mümkün deyil. Buna görə valideynlərin seçim zamanı qiymətə deyil, keyfiyyətə üstünlük verməsi, rəsmi istehsalçılardan və tanınmış satış nöqtələrindən alış etməsi tövsiyə olunur. Bakı Tikiş Evində tətbiq olunan endirimlər isə həm ailə büdcəsinə qənaət, həm də keyfiyyətə zəmanət baxımından bazarda mühüm addım kimi qiymətləndirilir.

Fatimə Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...