Bakı Avrasiya Universiteti (BAAU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsində 21 ixtisas üzrə tələbə qəbulu elan edib.
“Tehsil365” xəbər verir ki, universitet əmək bazarının tələblərinə uyğun formalaşdırılmış geniş ixtisas spektri ilə abituriyentlərə seçim imkanı təqdim edir.
Təqdim olunan ixtisaslar humanitar, ictimai və texniki sahələri əhatə edir. Onların arasında Dövlət və bələdiyyə idarəetməsi, Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi, Filologiya, Tərcümə, Regionşünaslıq, Sosial iş, İqtisadiyyat, Maliyyə, Menecment, Marketinq, Turizm işinin təşkili, İnformasiya texnologiyaları və digər ixtisaslar yer alır.
Beynəlxalq münasibətlər və Biznesin idarə edilməsi ixtisasları üzrə Azərbaycan bölməsi ilə yanaşı ingilis bölməsi də fəaliyyət göstərir. İngilis bölməsində müsabiqə Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün birgə aparılır. Tədrisi ingilis dilində olan ixtisaslara qəbul olan tələbələr ingilis dilində tədrisə hazır olmadıqları halda, birinci tədris ili müddətində dərslərini Azərbaycan dilində keçir, eyni zamanda ingilis dilini öyrənirlər və ikinci tədris ilindən bütün fənlər ingilis dilində aparılır.