Təhsil 365 - Logo Mobile

İxtisas seçimi paradoksu – DİM sistemi elmi potensiala necə təsir edir?

19916.08.2025 - 15:00
İxtisas seçimi paradoksu – DİM sistemi elmi potensiala necə təsir edir?

Təhsil sahəsində illərdir müzakirə olunan əsas mövzulardan biri qəbul imtahanları ilə ixtisas seçiminin necə tənzimlənməsidir. Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi yerləşdirmə sistemi abituriyentlərin balları və seçim ardıcıllığına əsaslansa da, bəzən məntiqi görünməyən nəticələr ortaya çıxır.

Tehsil365” xəbər verir ki, Taleh Sahsuvarovun sosial şəbəkədə paylaşdığı nümunə bu paradoksu daha sadə izah edir.

Fərz edək ki, qəbul imtahanlarında 600–610 bal aralığında 50 nəfər nəticə göstərib. Hüquq fakültəsinin keçid balı isə 610.01 olub və həmin abituriyentlər hüquqa daxil ola bilməyib. Onların ixtisas seçimində ilk sıralarda hüquq fakültələri, yalnız 6-cı yerdə isə BDU-nun tarix fakültəsi yer alıb. Digər tərəfdən, 590–600 bal aralığında nəticə göstərmiş 50 nəfər tarix fakültəsini birinci seçim olaraq göstərib. Qəbul planı 50 yer olduğu üçün sistem avtomatik olaraq 590–600 bal toplayanları yerləşdirib, daha yüksək nəticə göstərənlər isə kənarda qalıb.

Bu mexanizm kağız üzərində texniki baxımdan doğru görünsə də, mahiyyət etibarilə sosial ədalət hissini zədələyir. Daha yüksək nəticə göstərmiş bir qrup abituriyentin kənarda qalması, əksinə daha aşağı nəticə göstərənlərin fakültəyə yerləşdirilməsi həm tələbələrin, həm də ictimaiyyətin qəbul sisteminə inamına mənfi təsir göstərir.

Məsələnin digər tərəfi isə akademik keyfiyyətlə bağlıdır. Əgər universitetlərin fakültələrinə daha yüksək bal toplayan abituriyentlər deyil, daha aşağı nəticə göstərmiş gənclər daxil olursa, bu, fakültənin intellektual potensialını zəiflədir. Tarix fakültəsi nümunəsində bu hal BDU-nun həmin ixtisas üzrə nüfuzuna birbaşa təsir göstərir. Uzunmüddətli nəticədə fakültə elmi mühitini, tələbə kontingentinin keyfiyyətini və akademik səviyyəsini itirir.

Qərbin nüfuzlu universitetlərində isə vəziyyət fərqlidir. Orada mərkəzləşdirilmiş, sərt yerləşdirmə sistemi yoxdur. Abituriyent bir neçə universitetdən qəbul məktubu ala bilir və son seçimi özü edir. Bu model həm universitetlər arasında sağlam rəqabəti gücləndirir, həm də tələbələrə daha geniş seçim imkanı yaradır. Ən əsası isə fakültələrin nüfuzu tələbələrin keyfiyyəti ilə müəyyən olunur, təhsil sistemi isə bütövlükdə itirmir.

Nəticə aydındır: mövcud mexanizm daha yüksək intellektual potensialı kənarda saxladığı üçün təhsilin keyfiyyətinə və sosial ədalətə mənfi təsir göstərir. Bu məsələ yalnız statistik rəqəmlərlə məhdudlaşmır, həm də ölkənin elmi gələcəyini formalaşdıran tələbə kütləsinin səviyyəsinə birbaşa təsir edir.

Fatimə Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...