Qəbələ Dövlət Peşə təhsil mərkəzində 2025–2026-cı tədris ili üzrə tələbə qəbulu prosesinin ilkin mərhələsi yekunlaşıb.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, ilkin mərhələnin nəticələrinə əsasən, mərkəzə ümumilikdə 702 tələbə qəbul olunub. Onlardan 470 nəfəri kişi, 232 nəfəri isə qadın abituriyentlərdir.
Mərkəzdən bildirilib ki, tələbə qəbulu üzrə ikinci mərhələnin başlanması ilə bağlı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Qəbul prosesi peşə təhsilinə marağın ildən-ilə artdığını və gənclərin müxtəlif peşələrə yiyələnməkdə daha fəal iştirak etdiyini göstərir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbələrin peşə bacarıqlarını inkişaf etdirmək, onların əmək bazarına inteqrasiyasını təmin etmək üçün müasir infrastruktur və tədris imkanları ilə təchiz olunub. Mərkəz həm nəzəri biliklərin, həm də praktik vərdişlərin mənimsənilməsinə geniş şərait yaradır.