Azərbaycanda hərbi təhsil sistemi yalnız zabit və gizirlərin hazırlığı ilə məhdudlaşmır, həm də orduda xidmət edən hərbi qulluqçuların biliklərinin mütəmadi artırılmasına yönəlib. Müdafiə Nazirliyindən bildirilib ki, son illərdə tədris proqramlarına müasir döyüş təcrübəsi, texnoloji yeniliklər və beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində əldə olunan biliklər də daxil edilib.
Hazırda ali hərbi məktəblərlə yanaşı, müxtəlif ixtisas kursları və təlim mərkəzləri də fəaliyyət göstərir. Burada şəxsi heyət müasir silah-sursatın tətbiqi, döyüş taktikasının dəyişən formaları və komandirlik bacarıqları üzrə hazırlanır.
Rəsmi açıqlamalara görə, həyata keçirilən islahatların məqsədi Azərbaycan Ordusunun peşəkar kadr potensialını gücləndirmək, zabitlərin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara sahib olmasını təmin etməkdir.