Təhsil 365 - Logo Mobile

Didro effekti̇

6224.08.2025 - 05:37
 Didro effekti̇

Müasir istehlak vərdişləri insanların həyat tərzinə, xüsusilə də gənclərin gündəlik seçim və davranışlarına ciddi təsir edir. Gənclər sosial media, reklam və trendlərin təsiri ilə yeni axınlara daha tez uyğunlaşırlar. Bu baxımdan “Didro effekti” deyilən psixososial anlayış onların davranışlarına təsir edən mühüm amil kimi diqqəti çəkir. Bu anlayış fransız maarifçisi, məşhur filosof Deni Didronun adı ilə bağlıdır. Ona yeni bir pijama hədiyyə olunması ilə başlayan və bütün həyat tərzini dəyişməsinə səbəb olan hadisə alış-veriş vərdişlərinin psixoloji və sosioloji mexanizmlərini izah etmək üçün işlədilir. Filosof yazır ki, bir gün ona bahalı pijama hədiyyə edirlər. Ondan sonra Didro evində bu bahalı pijamaya uyğun gəlmədiyini hesab etdiyi, ona yaraşdırmadığı digər əşyaları, mebelləri və s. də dəyişdirir və nəticədə xeyli borca düşür.

“Tehsil365” xəbər verir ki, məqalə “Azərbaycan məktəbi” jurnalında dərc olunub.

Bu effekt insanın yeni əşya aldıqdan sonra ona uyğun daha çox əşya almaq istəyini izah edir. Yeni dəbli paltara uyğun ayaqqabı, çanta, aksesuar almaq ehtiyacı daha çox sosial özünütəsdiq, özünüifadə və qəbul olunmaq ehtiyacı ilə bağlıdır.

Hazırda Didro effekti həyatımıza əhəmiyyətli dərəcədə hiss olunur. Ardıcıl olaraq yeni əşyalar almaq arzusu gənclərdə maddiyyatyönlü düşüncə yarada bilər. Bu istehlak dövriyyəsi artıq xərclərə və borcların yaranmasına səbəb ola bilər. Sosial medianın və reklamların təsiri ilə formalaşan müasir istehlak mədəniyyəti gənclərin özlərini ifadə etmək vasitəsi kimi maddi əşyaları ön plana çıxarmalarına səbəb olur.

Sasseks Universitetinin (Böyük Britaniya) dosenti Helga Dittmar tədqiqatlarında göstərir ki, gənclərin alış-veriş qərarlarının arxasında emosional motivasiya və özünüifadə ehtiyacı dayanır. Yeni geyim, telefon və ya texnologiya məhsulu sadəcə funksional alət deyil, həm də onların “kim olduqlarını” ifadə edən simvollardır. Bu isə Didro effektini sadə istehlak vərdişindən çıxarıb psixoloji və sosial ölçülərə daşıyır.

Helga Dittmarın istehlak mədəniyyəti ilə bağlı tədqiqatlarına əsasən:

  • Reklamlar və sosial media daim “yeni” və “ideal” həyat tərzlərini nümayiş etdirir, bu da gənclərdə real olmayan gözləntilərin formalaşmasına səbəb olur;

  • Trendlərə uyğunlaşmaq ehtiyacı gənclərin sosial qəbul olunmaq istəyi ilə əlaqədardır və onları daim dəyişən tələblərə cavab verməyə vadar edir;

  • Maddi əşyalarla özünüifadə ehtiyacı artır – gənclər geyim, texnologiya və aksesuarlar vasitəsilə özlərini təqdim etməyə və fərqlənməyə çalışırlar.

Bu effektin davamlı təsiri gənclərdə:

  • İstehlak vərdişlərinin artmasına;

  • Daim narazılıq və çatışmazlıq hissinə;

  • Borc və maliyyə çətinliklərinə;

  • Özünüqiymətləndirmənin maddi əşyalar üzərindən qurulması kimi mənfi nəticələrə səbəb ola bilər.

Ramidə Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...