Son illər cəmiyyətdə falçılıq, cadugərlik və müxtəlif rituallara inamın artması müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu, həm dini inancların zəifləməsi, həm də təhsil boşluqları ilə bağlıdır.
İlahiyyatçı Mircəfər Əyyubov “Tehsil365”ə verdiyi açıqlamada bildirir ki, falçılığa inamın əsas səbəblərindən biri insanların Allaha bağlılığının zəifləməsidir. Onun sözlərinə görə, “Allah bu əməlləri qadağan edib, haram buyurub. Hətta təsirli görünsə də, falçılıq və cadugərlik haramdır və insanların həyatlarını bunların üzərində qurması düzgün deyil”.
Əyyubov qeyd edir ki, insanlar dünyanı çox zaman yanlış anlayır. Onlar həyatı həmişə rahat görmək istəyir, tənbəllik edərək zəhmət çəkmədən uğur qazanmaq niyyətində olurlar. Bu isə onları cadugərliyə və mənfi rituallara yönləndirir. “Problemlərin həllini öz zəhməti ilə deyil, falçılıq vasitəsilə tapmağa çalışırlar. Burada şeytanın da rolu var, o, insanı aldadır və zəif imanlı insanlar asanlıqla onun tələsinə düşürlər,” – deyə o bildirib.
İlahiyyatçı həmçinin təhsilin roluna diqqət çəkib. O hesab edir ki, elm və bilik insanların belə yanlış yollara üz tutmasının qarşısını ala bilər. “Təhsilin təsiri 100% olmasa da, xeyli dərəcədə müsbət nəticə verir. Amma müasir dövrdə təhsil çox hallarda pula xidmət etdiyi üçün bəzən öz gücünü tam göstərə bilmir,” – deyə Əyyubov vurğulayıb.
Onun fikrincə, cəmiyyətdə falçılıq və cadugərliklə mübarizənin əsas yolu dini dəyərlərə bağlılığın gücləndirilməsi və sağlam təhsil sisteminin inkişaf etdirilməsidir.