Təhsil 365 - Logo Mobile

Sosioloq: “Süni intellektdən düzgün istifadə edilməsə, rəqəmsal falçılıq kimi zərər verə bilər”

8814.09.2025 - 13:12
Sosioloq: “Süni intellektdən düzgün istifadə edilməsə, rəqəmsal falçılıq kimi zərər verə bilər”

Sosioloq Üzeyir Şəfiyev cəmiyyətdə falçılıq və rituallara inamın artmasının sosial səbəblərini izah edib.

“Tehsil365”ə açıqlama verən müsahibin sözlərinə görə, əvvəllər insanlar çıxılmaz vəziyyətlərlə qarşılaşdıqda fövqəltəbii qüvvələrə və müxtəlif rituallara üz tutublar. Lakin bu inamlar yalançı olub və insanların həyatını daha da çətinləşdirib, bəzən hüquqi baxımdan dələduzluq kimi qiymətləndirilən hallara yol açıb.

Üzeyir Şəfiyev qeyd edib ki, falçılar insanların çətin vəziyyətlərindən istifadə edərək onlara ciddi zərər verirlər və onları özlərinə asılı vəziyyətə gətirirlər. Bu halların qarşısını almaq üçün cəmiyyətin maariflənməsi, təhsil alması vacibdir. “Əgər falçılar həqiqətən güclü olsaydılar, öz həyatlarını da rahat qura bilərdilər”, – deyə o bildirib.

Sosioloq vurğulayıb ki, müasir dövrdə süni intellektin səhv istifadəsi də falçılıq qədər ziyan verə bilər. İnsanlar şəxsi və ailə həyatları ilə bağlı qərarları süni intellektə əsasən verməyə çalışdıqda, yanlış tövsiyələr onlara mənfi təsir edə bilər. Üzeyir Şəfiyev xatırladıb ki, Azərbaycanda süni intellektin etik çərçivələri, konfidensallıq və digər məqamları əhatə edən milli strategiya 19 mart 2025-ci ildə qəbul olunub. O qeyd edib ki, süni intellektin məqsədyönlü və düzgün istifadəsi böyük faydalar verə bilər, lakin yanlış istifadə rəqəmsal falçılıq kimi nəticələr doğura bilər.

Sosioloq həmçinin hüquq-mühafizə orqanlarının falçılıqla bağlı davamlı iş aparmalı olduğunu, ictimaiyyətin məlumatlandırılmasının vacib olduğunu vurğulayıb. İnsanların bilməsi lazımdır ki, problemlərin həlli falçılarda və yalançı rituallarda deyil, təhsil və maarifləndirmədədir.

Elnarə İslamova

Haber akışı

Şu anda haber akışın da haber yok...