Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin baş ofisində “Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş olub. Görüşdə filmin Venesiya Beynəlxalq Film Festivalındakı uğurları və beynəlxalq aləmdə yaratdığı maraq müzakirə edilib.
“Tehsil365” “islam.az”a istinadən xəbər verir ki, eyni zamanda gələcək əməkdaşlıq imkanları və Azərbaycan kinematoqrafiyasının dünyada tanıdılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda filmin rejissoru Hilal Baydarova Azərbaycan kinematoqrafiyasının inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə təqdim olunub.
Xatırladaq ki, tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” filmi 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” bölməsində təqdim olunub. Ekran əsəri həm mütəxəssislər, həm də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Film dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulub. Sevgililərin dirilik suyunu axtarması, əslində, insanın öz mənini axtarması kimi mənalandırılır.
Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov və Orxan İsgəndərli əsas rollarda çıxış ediblər.