Qazax-Tovuz regional təhsil idarəsinin təşkilatçılığı ilə Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında fəaliyyət göstərən çağırışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri üçün seminarlar təşkil olunub.
Qazax-Tovuz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbirlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və müəllimlər iştirak ediblər.
Seminarlar Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirlərdə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, fiziki hazırlıqlarının artırılması, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Eyni zamanda fənlərin sənədləşmə işlərinin düzgün aparılması, tədris planları və hesabatların vaxtında hazırlanmasının vacibliyi qeyd olunub.
Seminarın əsas məqsədi 2025–2026-cı tədris ilində ümumtəhsil məktəblərində çağırışaqədərki hazırlıq və fiziki tərbiyə fənlərinin tədrisinin daha səmərəli təşkili, şagirdlərin vətənin müdafiəsinə hazırlanması və sağlam həyat tərzinə yönləndirilməsidir.
Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, təcrübə paylaşımı həyata keçirilib və yeni tədris ili üçün qarşıda duran vəzifələr müzakirə olunub.