17 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Salyan Rayon Heydər Əliyev Mərkəzində “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Dövlətçilik tariximizin ən parlaq səhifəsi” mövzusunda tədbir təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbir Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, rayon Heydər Əliyev Mərkəzinin və Salyan 1 saylı Mediasiya təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Çıxış edənlər – Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əlişir Əliyev, Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Salyan 1 saylı Mediasiya təşkilatının sədri, vəkil Elman Hənifəli, XTQ-in zabiti, antiterror tədbirlərinin iştirakçısı, Qazi Rəsul Ağayev, Salyan şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi İradə Mütəllimova və digərləri 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdırıblar.
Natiqlər vurğulayıblar ki, Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı Sərəncamla təsis edilən “20 Sentyabr – Dövlət Suverenliyi Günü” Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən biridir. Bu günün təsis olunması 2023-cü ilin tarixi qələbəsinin əbədiləşdirilməsi, müstəqil Azərbaycanın qüdrət və gücünün təsdiqi kimi dəyərləndirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanı daha güclü, müasir və dayanıqlı dövlətə çevirib, yeni reallıqlar isə ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.