Təhsil 365 - Logo Mobile

BDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

6518.09.2025 - 15:27
BDU-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin “Milli mətbuat tarixi” auditoriyasında görkəmli Azərbaycan bəstəkarı, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki əvəzsiz xidmətlərindən danışıb. O, bəstəkarın milli musiqimizin inkişafında, həm də publisistika və ictimai fikir sahəsində qoyduğu izlərin bu gün də aktuallığını qoruduğunu vurğulayıb.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev isə çıxışında Üzeyir Hacıbəylinin milli mətbuatla bağlı fəaliyyətinə toxunub. O bildirib ki, Üzeyir Hacıbəylinin publisistik yazıları yalnız dövrünün deyil, müasir jurnalistika mühitinin də mənəvi-estetik dəyərlərlə zənginləşdirilməsində mühüm rol oynayıb.

Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışında Prezident İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb, bunu böyük sənətkarın fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Kafedranın dosenti Aygün Əzimova isə tələbələrin Üzeyir Hacıbəylinin irsinə marağından və onun əsərlərinin gənclərin yaradıcı düşüncəsinin inkişafındakı rolundan bəhs edib. O, bu cür tədbirlərin tələbələrin tarixi şəxsiyyətləri dərindən öyrənməsinə, milli dəyərlərə bağlılığın möhkəmlənməsinə şərait yaratdığını diqqətə çatdırıb.

Tədbirin sonunda Üzeyir Hacıbəylinin zəngin irsi, onun Azərbaycan mədəniyyətində müasir yaradıcılıq meyillərinə verdiyi töhfələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlhamə Nurəhmədova

Haber akışı

Şu anda haber akışın da haber yok...