2027-ci ildə tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında xarici dil fənləri üzrə yeni növ tapşırıq modelindən istifadə ediləcək.
“Tehsil365”nin məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Xalq qəzeti”nə müsahibəsində bildirib.
Qeyd olunub ki, sözügedən model ilk dəfə 2025-ci ildə IX sinif buraxılış imtahanlarında tətbiq edilib. Burada şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında kiçik həcmli hekayə yazmaq tələb olunur. Tapşırıq şagirdlərin yazı bacarıqlarını ölçməyə yönəlib.
DİM-dən verilən açıqlamaya görə, imtahanın ümumi modelində dəyişiklik edilməyib, yenilik yalnız xarici dil fənləri üzrə yazı bacarıqlarının qiymətləndirilməsi ilə bağlıdır.
2027-ci ildən etibarən “Yazı” məzmun xətti üzrə bilik və bacarıqlar XI sinif buraxılış imtahanlarında da bu tip funksional tapşırıqlar vasitəsilə yoxlanılacaq.
Qurumdan əlavə edilib ki, yeni modelin əsas məqsədi şagirdlərin vizual informasiyanı yazılı formada ifadə etmək bacarığını qiymətləndirməkdir. Bu üsul beynəlxalq qiymətləndirmə sistemlərində də geniş tətbiq olunur.
DİM həmçinin bildirib ki, IX sinif və digər imtahanların nəticələrinin təhlili aparılacaq və ənənəyə uyğun olaraq ümumi nəticələr növbəti il “Abituriyent” jurnalında ictimaiyyətə təqdim ediləcək.

