Gənclər və İdman Nazirliyi və “Azərbaycan Oxucuları” Kitab Klubunun birgə təşkilatçılığı ilə “Oxu, qazan!” adlı növbəti müsabiqə elan edilib.
“Tehsil365” xəbər verir ki, bu dəfə iştirakçılar Azərbaycanın görkəmli yazıçı və nasiri Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanını oxuyaraq yarışa qatılacaqlar. Müsabiqə oktyabrın 5-də, saat 21:00-da “Telegram” kanalı vasitəsilə onlayn formatda keçiriləcək.
Qaydalara əsasən, bütün iştirakçılara eyni anda test sualları təqdim olunacaq. Hər sualın cavablandırılması üçün 20 saniyə vaxt veriləcək. Daha sonra növbəti sual təqdim ediləcək.
Təşkilatçılar bildiriblər ki, əvvəlki yarışların qaliblərinin nəticələri bu dəfə qeydə alınmayacaq. Yarışda sualların vaxtında cavablandırılması üçün iştirakçılara yüksəksürətli sabit internetdən istifadə etmələri tövsiyə olunur.

