Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi 2025-ci il oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.
“Tehsil365” xəbər verir ki, sərgi regionun ən böyük kitab bayramı hesab olunur və hər gün saat 10:00-dan 20:00-dək ziyarətçilərin üzünə açıq olacaq. Daxilolma isə sərginin bağlanmasına 30 dəqiqə qalmış dayandırılacaq.
Ənənəvi olaraq sərgidə yerli və xarici nəşriyyatlar, kitab nəşriyyatı-poliqrafiya müəssisələri, mədəniyyət və təhsil təşkilatları iştirak edəcək. Proqram çərçivəsində kitab təqdimatları, müəlliflərlə görüşlər, imza günləri, uşaqlar və gənclər üçün xüsusi tədbirlər keçiriləcək.
Sərginin əsas məqsədi oxu mədəniyyətini təşviq etmək, yeni kitabları ictimaiyyətə təqdim etmək və müəlliflərlə oxucular arasında ünsiyyət platforması yaratmaqdır. Əvvəlki illərdə olduğu kimi, builki sərgidə də geniş auditoriyanın maraqlarını nəzərə alan zəngin proqram hazırlanıb.
Ziyarətçilər üçün giriş sərbəstdir. Kitabsevərlər sərgi günlərində müxtəlif nəşriyyatların yenilikləri ilə tanış olmaq, müəlliflərlə görüşmək və kitab dünyasının ən son tendensiyalarını izləmək imkanı əldə edəcəklər.

