Kitabxanalar tarix boyu yalnız elm və bilik məkanı deyil, həm də insanların mənəvi dünyasına təsir edən mədəniyyət ocaqları olub. Qədim Misirdə kitabxanalar xüsusi bir adla tanınırdı – onlar “ruhların şəfa yeri” adlanırdı.
‘’Tehsil365’’ bildirir ki, bu ad təsadüfi deyildi. Misirlilər inanırdılar ki, kitab oxumaq insanın ruhunu sakitləşdirir, düşüncəsini saflaşdırır və mənəvi xəstəliklərin qarşısını alır. Onlar üçün bilik sadəcə öyrənmək vasitəsi yox, həm də daxili şəfa mənbəyi idi.
Tarixçilərin qeyd etdiyinə görə, qədim məbədlərin yanında yerləşən kitabxanalar yalnız kahinlər və savadlı insanlar üçün açıq olurdu. Orada saxlanılan papiruslar dini mətnlərdən tutmuş tibbi biliklərə qədər geniş mövzuları əhatə edirdi.
Bu gün də kitabxanalar həm bilik, həm də ruhani qida mənbəyi sayılır. Oxumaq insan psixologiyasına müsbət təsir göstərir, stressi azaldır və düşüncəni zənginləşdirir – elə qədim misirlilərin inandığı kimi.