“Qanun” nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsi XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı rəsmi bəyanat yayıb.
“Tehsil365” xəbər verir ki, bəyanatda qeyd olunur - hər il onlarla müəllifin kitablarını təqdim edən, müxtəlif tədbirlər təşkil edən və minlərlə oxucu ilə görüşən qurumların səyləri sərginin təşkilatçıları tərəfindən aqressiya ilə qarşılanır. Nəşriyyat rəhbərliyi bildirir ki, ötən sərgidə yer haqqı üçün 13 min manat tələb olunub və nəticədə sərgidən ziyanla çıxıblar.
Məlumatda bu il də oxşar problemlərin yaşandığı vurğulanır. Belə ki, əvvəlcə “Qanun” və “Əli və Nino”ya sərgi salonunun sonunda yer ayrıldığı bildirilsə də, sonradan həmin yerlər başqa təşkilatlara verilib. Mədəniyyət Nazirliyinin məsul şəxsləri ilə aparılan danışıqlara baxmayaraq, verilən sözlərin yerinə yetirilmədiyi açıqlanıb.
Bəyanatda bu vəziyyətin yalnız sözügedən nəşriyyatlara deyil, bütövlükdə müstəqil nəşriyyat sektoruna, müəlliflərə və oxuculara qarşı hörmətsizlik olduğu diqqətə çatdırılıb.
“Qanun” nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsi bəyan edir ki:
Əgər sərgidə ədalətli və uyğun yer ayrılmasa, sərgidə iştirakdan imtina olunacaq;
Nəzərdə tutulan təqdimat və müəllif görüşləri təxirə salınacaq;
Müəlliflər və oxuculardan üzr istənilir və tədbirlərin daha münasib şəraitdə keçiriləcəyi söz verilir.
Sonda vurğulanır ki, kitab və kitab oxucusu bir mədəni dəyər kimi dəyərləndirilməlidir və bu dəyərlərin tapdanmasına göz yumulmayacaq.