Oktyabrın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, elm, ədəbiyyat və mədəniyyət xadimləri, eləcə də xarici qonaqlar iştirak ediblər.
Açılışda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, AMEA prezidenti İsa Həbibbəyli, Ombudsman Səbinə Əliyeva, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, xalq yazıçısı Çingiz Abdullayev və Azərbaycan Nəşriyyatları Assosiasiyasının rəhbəri Şəmil Sadiq sərginin əhəmiyyətini vurğulayıblar.
Bu il sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub. Fəxri qonaq ölkə Qətərdir. Tədbirdə 23 ölkədən 68 xarici təşkilat və 123 yerli nəşriyyat iştirak edir. İspaniya, Küveyt və İndoneziya sərgiyə ilk dəfə qatılıb.
Sərgi çərçivəsində 220-dən çox təqdimat, imza günü və müxtəlif tədbir keçiriləcək. Fəxri yazarlar isə Rüstəm Behrudi və Qismət Rüstəmovdur.
XI Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 7-dək davam edəcək. Giriş ödənişsizdir. Ziyarətçilər üçün metro stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar ayrılıb.