“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində hazırlanmış “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitabın təqdimatı olub.
“Tehsil365” xəbər verir ki, folklorşünas-alimlərinin, universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbiri açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova kitabla bağlı geniş məlumat verib. O bildirib ki, Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək məqsədilə hazırlanmış kitabda XVII əsrdə yaşamış Dərdli Nəsibdən tutmuş günümüzədək ustad aşıqların poetik yaradıcılığından seçmələr – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlər toplanıb. Qeyd olunub ki, ustad aşıqların kitaba daxil edilmiş şeirləri bir neçə aspektdən diqqəti çəkir: dövrün ictimai-siyasi mənzərəsi, bütün dövrlərdə baş vermiş erməni zülmü və təcavüzünün əks olunması, tarixi yer-yurd adları ilə zəngin olması, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərin təsviri, erməni zülmünə qarşı mübarizə aparmış mərd və mübariz igidlərimizin tərənnümü və s.
M.Hüseynova vurğulayıb ki, kitab Qərbi Azərbaycan aşıq mühitlərini araşdıran tədqiqatçılarla yanaşı, ali təhsil ocaqlarının müvafiq fakültələrinin tələbələri üçün də qiymətli vəsaitdir.
Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxışında “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin yarandığı gündən aşıq sənətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb, təqdim olunan kitabı bu istiqamətdə növbəti uğurlu addım kimi dəyərləndirib.
Akademik Muxtar İmanov “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin və onun sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun aşıq sənəti ilə bağlı indiyədək gördüyü işləri yüksək qiymətləndirib, kitabın əhəmiyyətini qeyd edib, təşkilatın gələcək fəaliyyəti üçün tövsiyələrini verib.
Filologiya elmləri doktoru professor Mahmud Allahmanlı, ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədli, ADMİU-nun Aşıq sənəti kafedrasının dosenti, ustad aşıq Altay Məmmədli və digər çıxış edənlər kitabı İctimai Birliyinin növbəti uğurlu layihəsi kimi dəyərləndiriblər.
Sonda Musa Nəbioğlu çıxış edərək layihənin həyata keçirilməsində maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, kitabın hazırlanmasında əməyi keçənlərə və təqdimat tədbirinin təşkilinə görə ADPU-nun rəhbərliyinə, xüsusilə də bu işdə böyük əməyi olan Mahirə Hüseynovaya təşəkkür edib.
Tədbir ustad aşıqlar Cahangir Quliyev, Faxfur Ağbabalı və Altay Məmmədlinin çıxışları ilə yekunlaşıb.