Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən elan olunmuş “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsi yekunlaşıb.
“Tehsil365” Mədəniyyət Nazirliyinin məlumatına əsasən xəbər verir ki, dörd sessiya üzrə təşkil olunan pitçinqlər canlı yayımlanaraq şəffaf şəkildə keçirilib. Müsabiqəyə 41 şirkətdən 88 layihə təqdim olunub, onlardan 29-u pitçinq mərhələsinə buraxılıb:
- 6 tammetrajlı bədii film
- 8 qısametrajlı bədii film
- 4 bədii-sənədli film
- 3 sənədli film
- 5 animasiya filmi
- 3 tələbə filmi
Bu il müsabiqədə özəl sektorun iştirakı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Layihələrin ümumi büdcəsinin 31 faizi özəl şirkətlərin, 69 faizi isə dövlət dəstəyinin payına düşür. Bu, kino sahəsində dövlət-özəl tərəfdaşlığının güclənməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Seçim Komissiyası və Ekspert Şurasının iclası 7 oktyabrda keçiriləcək. Qalib layihələrin siyahısı həmin gün açıqlanacaq.