Oktyabrın 1-də ABŞ hökumətinin fəaliyyətinin müvəqqəti dayanması fonunda dollar əsas valyutalara qarşı həftəlik ən aşağı səviyyəyə geriləyib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata görə, respublikaçılarla demokratların razılığa gələ bilməməsi dolların indeksinə də təsirsiz ötüşməyib. Avro və yenin də daxil olduğu 6 valyutaya qarşı ölçülən bu indeks 0,2 faiz azalaraq dəyər itirib.
Bundan əlavə, ABŞ Əmək Statistikaları Bürosunun açıqladığı qarışıq iqtisadi göstəricilər də dolların zəifləməsinə səbəb olub. Hesabatda qeyd olunub ki, avqust ayında yeni vakansiyaların sayı cüzi artsa da, muzdla çalışanların sayında azalma müşahidə edilib.
ABŞ Prezidenti Donald Tramp Konqresdəki demokratları xəbərdar edib ki, hökumətin fəaliyyətinin dayanmasına yol verilsə, onlar üçün əhəmiyyətli hesab olunan bəzi proqramların bağlanması da daxil olmaqla, “geridönməz” addımlar atıla bilər.
“Commonwealth Bank of Australia”nın valyuta şöbəsinin rəhbəri Cozef Kapurso isə hesab edir ki, hökumətin uzunmüddətli iflici dolların ucuzlaşmasını davam etdirə bilər. Onun fikrincə, ABŞ iqtisadiyyatı ilə bağlı zəif statistika da bu prosesdə əlavə təsir göstərə bilər.