Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.
“Tehsil365” xəbər verir ki, mərasimdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın beynəlxalq əməkdaşlığı barədə məlumat verib. O, bu günədək Azərbaycanın 54 ölkənin milli kitabxanaları ilə əməkdaşlıq memorandumu imzaladığını diqqətə çatdırıb. K.Tahirov yeni razılaşmaların kitab və informasiya mübadiləsi, ədəbiyyat guşələrinin yaradılması, elektron resurslardan istifadə, mütəxəssislərin təcrübə mübadiləsi, sərgilər, konfranslar və onlayn xidmətlər sahəsində yeni imkanlar yaradacağını vurğulayıb.
Türkiyə Respublikası Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu imzalanan sənədin iki ölkə arasında mədəni və elmi əməkdaşlığın inkişafına xidmət edəcəyini qeyd edib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə beynəlxalq kitab sərgisi çərçivəsində keçirilən imzalanma mərasimlərinin elm, təhsil və mədəniyyət sahələrində beynəlxalq əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Mərakeş Milli Kitabxanasının direktoru Samira El Malizi kitabxanaların xalqlar arasında körpü rolu oynadığını və imzalanan üçtərəfli memorandumun gələcək birgə layihələr, sərgilər və elmi araşdırmalar üçün yeni imkanlar açacağını qeyd edib.