XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində akademik Əhəd Canəhmədovun "Mühəndislik təfəkkürünün təkamülü” adlı kitabının təqdimatı olub.
“Tehsil365” xəbər verir ki, tədbirdə akademik Əhəd Canəhmədov kitabın ərsəyə gəlməsindən danışıb. Akademik bildirib ki, kitabda mühəndislik təfəkkürünün qədim dövrlərdən bu günə qədər keçdiyi inkişaf mərhələləri sadə və maraqlı formada izah edilir. “Xüsusilə fizika və mexanika elmlərinin mühəndislik təfəkküründəki rolu önə çəkilib. Orta əsrlərdə Şərqdə və Avropada biliklərin formalaşması dövründə mühəndislik düşüncəsinin az öyrənilmiş mərhələləri də oxucuya təqdim olunur. Müəllif göstərir ki, bu təfəkkürün inkişafı ümumilikdə dünya mədəniyyətinin yüksəlişi üçün mühüm əhəmiyyət daşıyır. Kitabda, həmçinin kainata mühəndislik təfəkkürünün təkamülü baxımından yanaşılır və müasir informasiya texnologiyaları, süni intellektin yaratdığı geniş imkanlar vurğulanır. Məsələ və misallarla zəngin olan bu əsər mövzunu oxucu üçün daha anlaşıqlı edir. Kitab mexanika mühəndisliyi ixtisası üzrə “İxtisasa giriş” fənninin mühazirələrinə köməkçi vəsait kimi nəzərdə tutulub”,- deyə Ə.Canəhmədov əlavə edib.
Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru akademik Natiq Cavadov, Milli Aviasiya Akademiyasının Nəqliyyat texnologiyaları fakültəsinin dekanı dosent Nazim Nağıyev, professorlar Mehman Həsənov və Elçin İsgəndərzadə kitabın əhəmiyyətindən söhbət açıblar.
Çıxışçılar qeyd edib ki, kitab mexanika və fizika sahəsində biliklərini artırmaq istəyənlər, mühəndisliyə maraq göstərənlər, eləcə də elm və texnika tarixini öyrənmək arzusunda olan hər kəs üçün faydalı ola bilər.