Təhsil 365 - Logo Mobile

“Şuşa - Tarixi-mədəni irs” kitabının təqdimatı keçirilib

7303.10.2025 - 14:30
“Şuşa - Tarixi-mədəni irs” kitabının təqdimatı keçirilib

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə professor Elçin Əhmədovun “Şuşa - Tarixi-mədəni irs” kitabının təqdimat mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, bu nəşr müəllifin sayca 13-cü kitabıdır.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun fəaliyyəti barədə məlumat verib. “Fond tərəfindən “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri” və “Türk dünyasının tarixi inciləri” adlı kitab seriyaları hazırlanıb. Professor Elçin Əhmədovun “Şuşa – Tarixi-mədəni irs” kitabı da “Türk dünyasının tarixi inciləri” seriyasına daxildir. Əminəm ki, bu kitabı oxuyan hər kəs Şuşanı bir daha sevəcək və onun möhtəşəm tarixi ilə yaxından tanış olacaq”,- deyə o əlavə edib.

Şuşanın Azərbaycanın göz bəbəyi olmaqla yanaşı, Türk dünyası üçün də böyük məna kəsb etdiyini diqqətə çatdıran Aktotı Raimkulova deyib: “Şuşanın 2 il öncə Türk dünyasının, ötən il isə İslam dünyasının Mədəniyyət paytaxtı seçilməsi bunun bariz nümunəsidir. Fond Şuşanın azad edilməsindən sonra Qazaxıstan, Türkiyə və Özbəkistanda “Şuşa günləri” tədbirlərini təşkil edib. Bundan əlavə, Molla Pənah Vaqif haqqında “Özü vəzir, sözü şah” kitabını nəşr etmişik, hazırda isə Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülə həsr olunmuş üçcildlik “Sağalan büstlər” layihəsi üzərində çalışırıq”.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Şuşanın qədim tarixindən söz açaraq deyib: “Şuşa Azərbaycanın və bütövlükdə Türk dünyasının tarixində xüsusi yerə malikdir. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu qədim şəhəri işğaldan azad etdi və həmin gün Zəfər Günü kimi əbədi olaraq tariximizə yazılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edildi. Eləcə də 2023-cü ildə TÜRKSOY tərəfindən Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi ki, bu da onun beynəlxalq əhəmiyyətini bir daha sübut etdi. Nəfis şəkildə nəşr olunmuş “Şuşa — Tarixi-mədəni irs” kitabı Şuşanın zəngin tarixi, strateji və mədəni əhəmiyyətini elmi əsaslarla əks etdirir. Kitabda Qarabağ xanlığından başlayaraq Şuşanın keçdiyi tarixi mərhələlər, şəhərsalma mədəniyyəti, görkəmli şəxsiyyətləri, işğal dövründə mədəni vandalizmə məruz qalması və azadlıqdan sonra bərpa prosesləri ətraflı araşdırılıb. Şuşada aparılan bərpa və yenidənqurma işləri Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilir. Bütün bunlar Şuşanın həm Azərbaycan, həm də Türk dünyasının mədəniyyət və mənəviyyat mərkəzi kimi yenidən dirçəlməsinə xidmət edir”.

Kitabın müəllifi, professor Elçin Əhmədov bu silsilədən olan nəşrlər barədə məlumat verib. Qeyd edib ki, kitablardan 10-u xarici ölkələrdə müxtəlif formatlarda işıq üzü görüb. Kitabın növbəti nəşri Türkiyə türkcəsində çap ediləcək. Bu kitabların hər biri Şuşanın keçmişinə, işğaldan azad edilməsinə və tarixi-mədəni irsimizə mühüm töhfədir. Şuşanın işğaldan azad olunması yalnız İkinci Qarabağ müharibəsinin taleyini deyil, həm də bütün Azərbaycanın gələcəyini dəyişdi. Şuşa həqiqətən də Azərbaycanın göz bəbəyidir. Bu kitabı yazmaq mənim borcum idi”, - deyə E.Əhmədov əlavə edib.

Tədbirdə, həmçinin Məclisin deputatı Hikmət Babaoğlu və Əməkdar artist Rafiq Həşimov da kitab haqqında fikirlərini bölüşüblər.

Aydan Quliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...