İnklüziv təhsilin inkişafı gələcək nəsillərin bərabər imkanlar əsasında təhsil almasına, tolerant və sosial cəhətdən ədalətli cəmiyyətin formalaşmasına xidmət edir.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Nigar Əhmədova deyib. İnklüziv təhsilin inkişafı hər bir uşağın bərabər təhsil imkanlarına malik olmasını təmin edən əsas istiqamətlərdən biridir.
Təhsil eksperti Nigar Əhmədova bildirib ki, inklüziv təhsil təkcə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün deyil, bütün təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Ekspertin sözlərinə görə, inklüziv təhsilin inkişafı üçün ilk növbədə müəllimlərin bu sahədə peşəkar hazırlığı gücləndirilməlidir:
“Müəllimlər inklüziv təhsil prinsiplərini, fərqli öyrənmə tələbatlarını və psixoloji yanaşma üsullarını dərindən mənimsəməlidirlər. Bu məqsədlə mütəmadi təlimlər, seminarlar və ixtisasartırma proqramları təşkil olunmalıdır.”
Nigar Əhmədova həmçinin qeyd edib ki, inklüziv təhsil mühitinin yaradılması üçün məktəblərin infrastruktur baxımından da uyğunlaşdırılması vacibdir.
“Məktəblərdə panduslar, liftlər, xüsusi tədris avadanlıqları və rahat hərəkət imkanları təmin edilməlidir. Eyni zamanda valideynlərin maarifləndirilməsi və ictimai dəstəyin gücləndirilməsi də bu prosesin vacib hissəsidir.”
Ekspert əlavə edib ki, inklüziv təhsilin effektiv tətbiqi üçün dövlət, qeyri-hökumət təşkilatları və cəmiyyət arasında əməkdaşlıq mühüm rol oynayır.