Təhsil 365 - Logo Mobile

"Zaman keçməsinə baxmayaraq, hələ də pandemiya sonrası dövrdə bəzi təsirlərin davam etdiyini müşahidə edirik.”

14713.10.2025 - 12:04
"Zaman keçməsinə baxmayaraq, hələ də pandemiya sonrası dövrdə bəzi təsirlərin davam etdiyini müşahidə edirik.”

Pandemiya dövründən sora uşaqlarda sosial adaptasiya çətinləşdi.

Bu fikirləri "Tehsil365"ə psixoloq Mirsadiq Muxtarov açıqlama verib.O bildiribki":

“İlk öncə qeyd etməliyik ki, pandemiya dövrü təkcə sağlamlıq baxımından deyil, eyni zamanda psixoloji və sosial cəhətdən də uşaqlara təsirsiz ötüşməyib. Xüsusilə təhsil sahəsində yaranan fasilələr və onlayn tədrisə keçid, bir çox uşaq üçün həm emosional, həm də sosial çətinliklərə səbəb olmuşdur. Müəyyən zaman keçməsinə baxmayaraq, hələ də pandemiya sonrası dövrdə bu təsirlərin davam etdiyini müşahidə edirik.”

“Uşaqlarda ən çox rast gəlinən psixoloji narahatlıqlardan biri adaptasiya çətinliyidir. Belə ki, uşaqlar uzun müddət evdə olduqları üçün yenidən məktəb mühitinə uyğunlaşmaqda çətinlik çəkirlər. Onlarda sosial bacarıqlarda geriləmə, dostluq münasibətlərinin qurulmasında problemlər və özünü ifadə etməkdə çətinliklər müşahidə olunur. Bu qeyd edilən çətinlik öz növbəsində də akademik geriləmələr və özünə inamsızlığın formalaşmasına da zəmin yaratmaqdadır. Hansı ki, müəyyən fənlərdə yaranan boşluqlar uşaqlarda “mən bacarmıram” düşüncəsini formalaşdıra bilər. Bu isə özünə inamın və məktəbə bağlılığın azalmasına gətirib çıxara bilir.”

“Uşaqlarda, yuxarıda adı çəkilən adaptasiya problemləri fonunda təşviş pozuntusu, depressiya və digər psixopatologiyalar formalaşa bilər. Pandemiya zamanı dəyişən gündəlik rejim, valideynlərdə və cəmiyyətdə hiss olunan narahatlıq uşaqlara da təsir göstərmişdir. Bu səbəbdən bəzi uşaqlarda gələcək barəsində narahatlıq, qayğı, habelə məktəbə getmək istəməmə halları artmışdır.”

Pandemiya dövründə distant öyrənmə üsullarının artmasını və tətbiqini nəzər alsaq, motivasiya azlığı və öyrənməyə qarşı marağın azalması da uşaqlarda görülən çətinliklərdən birinə nümunə ola bilər. Onlayn təhsilin verdiyi passiv və distant öyrənmə təcrübəsi bir çox uşağın dərslərə marağının azalmasına səbəb olmuşdur. Qeyd edilən səbəbdən pandemiya sonrası məktəbə dönüşdə, uşaqların öyrənmə və tədris prosesinə tam inteqrasiya olmaqda çətinliklər çəkdiyi müşahidə edilməkdədir.”

“Digər ən önəmli nəticələrdən biri, uşaqların pandemiya sonrası öz duyğularını tənzimləməkdə yaşadıqları çətinliklərdir. Uzun müddətli məhdudiyyətlər uşaqlarda emosional tənzimləmə bacarıqlarını zəiflətmişdir. Bəzi uşaqlarda əsəbilik, səbirsizlik, impulsiv davranışlar və ya əksinə, həddindən artıq utanğaclıq müşahidə edilməkdədir. “

“Bütün qeyd edilənləri nəzərə alsaq, bu çətinlikləri aradan qaldırmaq üçün ailələrin və müəllimlərin birgə əməkdaşlığı vacibdir. Uşaqların emosional ehtiyaclarının nəzərə alınması, dəstəkləyici tədris mühitinin yaradılması və zərurət olduqda psixoloji dəstək alınması tövsiyə olunur. Nəzərə almaq lazımdır ki, hər bir uşaq bu dövrü fərqli şəkildə yaşayıb, bu səbəbdən uşaqlara fərdi yanaşma çox önəmlidir.”

Könül Əsgərova

Haber akışı

Şu anda haber akışın da haber yok...