“Şagirdlərin və tələbələrin iqtisadi savadlılığının artırılması cəmiyyətin sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıyır. Çünki iqtisadi düşüncə tərzi formalaşmayan bir gənclik maliyyə qərarlarında səhvlərə yol verir, resurslardan səmərəli istifadə edə bilmir və gələcəkdə iqtisadi proseslərdə fəal iştirak qabiliyyətinə malik olmur. Buna görə də bu istiqamətdə kompleks və mərhələli tədbirlərin həyata keçirilməsi vacibdir”.
Bu fikirləri “Tehsil365“ə açıqlamasında təhsil üzrə ekspert Niftiyev Famil deyib. O bildirib ki,
“İlk növbədə, iqtisadi savadlılığın təməli məktəb mərhələsində qoyulmalıdır. Bu mərhələdə məqsəd uşaqlara sadəcə iqtisadi terminləri öyrətmək deyil, həm də iqtisadi düşüncə tərzini aşılamaq olmalıdır. Yəni şagirdlər pulun dəyərini, əmək və istehsal arasındakı əlaqəni, qənaətin və məsuliyyətli istehlakın əhəmiyyətini praktik nümunələrlə anlamalıdırlar. Bu məqsədlə məktəblərdə iqtisadiyyata giriş, maliyyə savadlılığı və sahibkarlıq əsasları kimi fənlərin tətbiqi zəruridir. Lakin bu dərslər sadəcə nəzəri şəkildə deyil, oyunlar, simulyasiyalar, layihələr və real həyatdan nümunələrlə interaktiv formada keçirilməlidir”.
Ekspert əlavə edir ki, mütəxəssis rasional düşünməyi bacarmalıdır:
“Tələbə mərhələsində isə iqtisadi savadlılıq daha dərin səviyyədə formalaşdırılmalıdır. Universitetlərdə iqtisadiyyat ixtisası olmayan tələbələr üçün belə iqtisadi təfəkkürü genişləndirən fənlər (məsələn, “Mikroiqtisadiyyatın əsasları”, “Maliyyə planlaşdırması”, “Bazar davranışı”) tədris proqramına daxil edilməlidir. Çünki istənilən sahədə fəaliyyət göstərən mütəxəssis iqtisadi qərarların nəticələrini anlamalı, resursların idarə edilməsində rasional düşünməyi bacarmalıdır”.
“İqtisadi savadlılığın artırılmasında yalnız tədris proqramları deyil, həm də tədris metodologiyası və texnologiyası mühüm rol oynayır. Rəqəmsal platformalar, interaktiv testlər, virtual iqtisadi oyunlar və “case study” üsulları gənclərin marağını artırmaqla yanaşı, iqtisadi düşünməni praktik bacarıqlarla birləşdirir. Misal üçün, şagirdlər məktəbdə öz “mini şirkətlərini” quraraq məhsul satışı, reklam, gəlir və xərclərin hesablanması kimi prosesləri simulyasiya edə bilərlər. Belə yanaşmalar real iqtisadi proseslərin dərk edilməsini asanlaşdırır”.
“Eyni zamanda, valideynlərin və müəllimlərin iqtisadi savadlılıq səviyyəsi də mühüm amildir. Müəllimlər bu sahədə müasir metodlarla işləmək üçün təlimlərə cəlb olunmalı, iqtisadi maarifləndirmə proqramları ilə biliklərini yeniləməlidirlər. Valideynlər də uşaqlara gündəlik maliyyə davranışlarında nümunə göstərməli, ailə büdcəsinin planlaşdırılmasında onları da iştirakçı etməlidirlər”.
Ekspert hesab edir ki, gənclərlə yönəlik layihələr həyata keçirilməlidir:
“İqtisadi savadlılığın artırılması yalnız təhsil sistemi ilə məhdudlaşmamalıdır. Kütləvi informasiya vasitələri, sosial şəbəkələr, ictimai kampaniyalar və dövlət proqramları da bu prosesdə mühüm rol oynamalıdır. Məsələn, televiziya və internet platformalarında gənclərə yönəlik sadə və maraqlı iqtisadi maarifləndirici layihələr həyata keçirilə bilər. Bu cür təşəbbüslər gənclərin gündəlik həyatla iqtisadi anlayışlar arasında əlaqə qurmasına kömək edir”.
“Bundan başqa, dövlət səviyyəsində iqtisadi savadlılığın artırılması üzrə milli strategiyanın hazırlanması məqsədəuyğun olardı. Belə bir strategiya həm təhsil proqramlarını, həm də qeyri-formal təhsil imkanlarını (məsələn, yay məktəbləri, təlim düşərgələri, startap proqramları) əhatə etməlidir. Həmçinin, beynəlxalq təcrübənin öyrənilməsi və yerli şəraitə uyğunlaşdırılması da bu sahədə vacib addımlardan biridir”.
Nəticə olaraq ekspert qeyd edir ki, iqtisadi savadlılıq təkcə fərdi bilik məsələsi deyil:
“İqtisadibsavadlılıq bütövlükdə cəmiyyətin iqtisadi dayanıqlığını təmin edən bir amildir. Gənclər iqtisadi prinsipləri nə qədər yaxşı mənimsəsələr, gələcəkdə iqtisadi qərarlarda, sahibkarlıqda və şəxsi maliyyə idarəçiliyində bir o qədər məsuliyyətli və rasional davranacaqlar. Bu isə həm sosial rifahın artmasına, həm də ölkənin uzunmüddətli iqtisadi inkişafına xidmət edəcək”.