Rəqəmsal infrastrukturun regionlarda genişləndirilməsi insanların bilik və informasiya resurslarına bərabər çıxışını təmin edir. Bu, həm sosial inkişaf, həm də regionların rəqabət qabiliyyətinin artması baxımından vacibdir.
Təhsil eksperti Qoşqar Məhərrəmov "Tehsil365"ə açıqlamasında bildirib ki, rəqəmsal infrastruktur regionlarda genişləndikcə insanlar daha keyfiyyətli təhsil ala bilirlər:
"Rəqəmsal infrastrukturu genişləndirmək üçün bütün məktəblərdə güclü internet olmalı, bütün siniflərdə kompüter və internet təmin edilməlidir. Yəni məktəblərin sinifləri internetlə təmin olunması üçün lazımi infrastruktur hazırlanmalıdır. İnkişafın genişlənməsi üçün təkcə kompüter və internet kifayət etmir; müəllimlər də bu mövzu barədə ətraflı məlumatlı olmalıdır".
Ekspert son olaraq bildirib ki, internet və texnoloji imkanların bərabər paylanmaması isə əks nəticəyə səbəb olacaq:
"Belə ki, məkan dezavantaja çevriləcək. Əgər rayonda yaşayan uşaq TOEFL, IELTS və digər beynəlxalq inkişaf imkanları barədə məlumat sahibi olmayacaqsa, texnoloji imkanların olmaması sosial bərabərsizliyi artıran faktora çevrilir".