Təhsil 365 - Logo Mobile

Kamran Əsədov"2025-ci ildə Azərbaycanın təhsil sistemində ən ciddi problem keyfiyyətin idarəedilməsində vahid mexanizmin olmamasıdır"

11415.10.2025 - 14:28
Kamran Əsədov"2025-ci ildə Azərbaycanın təhsil sistemində ən ciddi problem keyfiyyətin idarəedilməsində vahid mexanizmin olmamasıdır"

“2025-ci ildə Azərbaycanın təhsil sistemində ən ciddi problem keyfiyyətin idarəedilməsində vahid mexanizmin olmamasıdır. Təhlil göstərir ki, ölkədə təhsil islahatları ardıcıl aparılsa da, onların nəticəyə yönəlməsi mexanizmləri tam formalaşmayıb. Bu, həm tədris məzmununun yenilənməsi, həm müəllim hazırlığı, həm də qiymətləndirmə sisteminin koordinasiyasında özünü göstərir. Təhsil sistemi uzun müddət struktur baxımından genişlənsə də, məzmun baxımından eyni dərinliyi nümayiş etdirə bilmir. Bunun əsas səbəbi idarəetmədə strateji məqsədlə nəticə arasında boşluğun qalması, universitetlərdə və məktəblərdə hesabatlılığın zəif, kurikulumun isə praktik tətbiq baxımından səmərəsiz olmasıdır”.

“Tehsil365”ə müsahibə verən təhsil eksperti Kamran Əsədov bildirib ki,Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 4-cü maddəsində qeyd olunur ki, dövlət təhsil siyasəti şəxsiyyətin intellektual və yaradıcı potensialının inkişafına, onun cəmiyyətin sosial-iqtisadi həyatına inteqrasiyasına yönəlməlidir. Lakin təhlillər göstərir ki, bu müddəa reallıqda formal xarakter daşıyır: məktəb və universitetlər hələ də “bilik ötürən” funksiyanı yerinə yetirir, “bilik yaradan və tətbiq edən” struktura çevrilməyib. 2024-cü ilin nəticələrinə görə, orta təhsil səviyyəsində şagirdlərin 52 faizi riyaziyyat və təbiət fənlərində minimal tələbləri qarşılamır, ali təhsil müəssisələrinin məzunlarının isə 40 faizi ixtisası üzrə iş tapa bilmir. Bu statistika onu göstərir ki, təhsil sistemi hələ də əmək bazarının real tələblərindən aralı qalır.

Müəllim hazırlığı və peşəkar inkişaf sahəsində də ciddi boşluqlar qalmaqdadır. Müəllimlərin yalnız 18 faizi müasir pedaqoji texnologiyalardan — layihə əsaslı öyrənmə, tədqiqat yönümlü təlim, formativ qiymətləndirmə — sistemli şəkildə istifadə edir. Qanunun 30-cu maddəsində qeyd olunur ki, müəllimlərin peşəkar inkişafı dövlət siyasətinin prioritet istiqamətidir, amma bu istiqamətdə hazırlanan proqramlar daha çox təlimlərin keçirilməsi ilə məhdudlaşır, real praktik dəyişikliyə çevrilmir. Nəticədə, müəllimlər bilik yeniləməkdə deyil, fənni ötürməkdə maraqlıdır, bu da tədrisin keyfiyyətinə birbaşa təsir göstərir.

Dünya təcrübəsi göstərir ki, uğurlu təhsil modellərində əsas diqqət keyfiyyətin idarəedilməsinə yönəlir. Finlandiyada təhsilin keyfiyyətinə nəzarət imtahanlarla deyil, məktəbdaxili monitorinqlə aparılır. Sinqapurda müəllimlərin peşəkar inkişafına ayrılan resurs hər şagirdin inkişafına qoyulan investisiyadan az deyil. Estoniyada təhsil sistemi hər beş ildən bir milli kurikulumun praktik təsirini ölçür və nəticələrə uyğun olaraq dərs məzmunu yenilənir. Azərbaycan təhsil sistemi də bu istiqamətdə dəyişməlidir. Bu, həm məktəblərin, həm də universitetlərin müstəqil şəkildə öz keyfiyyət mexanizmlərini qurmasını tələb edir.

Elm və Təhsil Nazirliyi son illərdə bu istiqamətdə müsbət addımlar atıb. Nazirlik tərəfindən vahid elektron məlumat bazasının, “Müəllimlərin inkişaf platforması”nın yaradılması, STEAM təhsilinin genişləndirilməsi və nəticəyə əsaslanan qiymətləndirmə sistemlərinin tətbiqi təhsilin keyfiyyətinə strateji yanaşmanı gücləndirib. Nazirliyin “Keyfiyyət Təminatı Agentliyi” vasitəsilə ali təhsil müəssisələrinin akkreditasiyasına yeni standartların gətirilməsi və elmi fəaliyyətin ölçülməsi meyarlarının müəyyənləşdirilməsi təhsilin keyfiyyətinin idarəolunan istiqamətə yönəldilməsinin göstəricisidir. Bu, müsbət və əsaslandırılmış siyasətdir.

Lakin universitetlər bu xətti tam dəstəkləmir. Təhlil göstərir ki, ali təhsil müəssisələrinin çoxunda kurikulum yenilənməsi sadəcə sənəd səviyyəsində aparılır. Tələbələrin yaradıcı düşünmə, layihə hazırlama, tədqiqat aparma bacarıqları qiymətləndirmə meyarlarında əsas göstərici kimi nəzərdə tutulmur. Universitetlər hələ də fənn yönümlü strukturla idarə olunur, interdisiplinar tədris modelləri formalaşmayıb. Bu, ali təhsili müasir tələblərdən geri salır. Əgər məktəblərdə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə STEAM və layihə əsaslı öyrənmə sistemi tətbiq edilirsə, universitetlərdə bu sistem hələ də yoxdur. Ali təhsil müəssisələri bu modeli öz proqramlarına daxil etməlidir ki, tədris prosesi nəzəriyyədən praktikaya keçsin.

Təhsil sistemində rəqəmsallaşma sahəsində də problemlər qalmaqdadır. Elektron jurnal, onlayn qiymətləndirmə, distant təlim resurslarının tətbiqi genişlənməsinə baxmayaraq, onların keyfiyyətli istifadəsi hələ də sistemli deyil. Müəllimlərin 40 faizindən çoxu rəqəmsal platformalarda işləməkdə çətinlik çəkir. Bu, xüsusilə region məktəblərində hiss olunur və təhsil imkanları arasında fərqi artırır. Nazirlik bu sahədə “Rəqəmsal məktəb” konsepsiyası hazırlayıb və bu, çox vacib addımdır. Əgər bu konsepsiya ardıcıl tətbiq olunsa, 2026-cı ildən etibarən bütün məktəblər vahid elektron ekosistemə daxil olacaq ki, bu da nəzarət və şəffaflığı gücləndirəcək.

Müsbət tərəflər ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi təhsil siyasətini qısa müddətli layihələr deyil, strateji istiqamətlər üzərində qurur. Nazirlik tərəfindən həyata keçirilən sertifikasiya, təhsil proqramlarının nəticə əsaslı yenilənməsi, beynəlxalq reytinqlərdə iştirak təşəbbüsləri sistemli modernləşmənin başlanğıcıdır. Amma bu islahatların universitetlər və məktəblər səviyyəsində praktiki icrası zəifdir. Nə dəyişəcək sualının cavabı ondan ibarətdir ki, əgər təhsil müəssisələri bu strategiyanı tam mənimsəsələr, 3–5 il ərzində Azərbaycan təhsili regionun qabaqcıl modellərindən birinə çevriləcək. Nə dəyişməlidir cavabı isə daha aydındır: təhsil sistemində hesabatlılıq və nəzarət mexanizmi real nəticəyə bağlanmalı, universitetlərdə akademik azadlıq məsuliyyətlə müşayiət olunmalı, müəllim hazırlığı sistemi tətbiqi bacarıqlara əsaslanmalıdır.

Hesab edirəm ki, 2025-ci ildə təhsildə ən böyük çatışmazlıq keyfiyyətin idarə olunmaması, islahatların icra səviyyəsində zəifləməsi və universitetlərin yeniliklərə adaptasiya göstərə bilməməsidir. Amma Elm və Təhsil Nazirliyinin son illərdə atdığı addımlar bu istiqamətdə dönüş üçün real zəmindir. Nazirlik strateji planlaşdırma və idarəetməni elmi əsaslarla həyata keçirir, bu isə müsbət və dayanıqlı siyasətin göstəricisidir. Əgər təhsil müəssisələri bu xətti tam dəstəkləsə, Azərbaycan təhsili məzmun, metod və nəticə baxımından yeni mərhələyə qədəm qoyacaq.

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...