Müasir dövrdə jurnalistikanın əsas missiyası cəmiyyətə doğru, dəqiq və obyektiv informasiya çatdırmaqdır. Lakin mediada gedən proseslər göstərir ki, bu prinsiplər tədricən arxa plana keçir.
Jurnalist İlkin Məmmədkərimov ‘‘Tehsil365’ə açıqlamasında bildirib ki, bu gün informasiya yarışında keyfiyyətli jurnalistika geri planda qalır:
“Bu gün saytlar oxunma sayı, televiziyalar isə reytinq xatirinə mübarizə aparır. Keyfiyyətli xəbər, düzgün başlıq əvəzinə diqqət cəlb edən, səs-küylü mövzulara üstünlük verilir. Bu da jurnalistikanın mahiyyətini dəyişdirir.”
Onun sözlərinə görə, hazırkı media mühitində keyfiyyətli işin yerini qalmaqal və sensasiya tutub:
“Artıq elə bir vəziyyət yaranıb ki, olmayan yerdən qalmaqal yaradan, ağlına gələni yazan və danışan şəxslərə ‘keyfiyyətli jurnalist’ deyilir. Bu isə peşənin nüfuzuna ciddi zərbə vurur.”
Jurnalist qeyd edib ki, bütün bunlara baxmayaraq, hələ də peşəyə sadiq, obyektivliyi qoruyan jurnalistlər var:
“Düzdür, az da olsa, keyfiyyətli iş görənlər qalır. Amma bu sistem davam etdikcə, ümumi səviyyədən danışmaq çətindir.”

