Təhsil 365 - Logo Mobile

Psixoloq Mətanət Əliyeva: “ Əvvəllər insanlar fiziki yorğunluqdan şikayət edirdilərsə, indi zehni yorğunluqdan əziyyət çəkirlər”

10120.10.2025 - 16:21
Psixoloq Mətanət Əliyeva: “ Əvvəllər insanlar fiziki yorğunluqdan şikayət edirdilərsə, indi zehni yorğunluqdan əziyyət çəkirlər”

Cəmiyyətdə aktual olan psixoloji problem mövzusu haqda məlumat almaq üçün ekspertlərə müraciət etməyi planladıq.

“Sizcə, müasir cəmiyyətdə insanların ən çox yaşadığı psixoloji problemlər nələrdir?”-deyə, biz Psixoloq Mətanət Əliyevaya sualımızı ünvanladıq.

Psixoloq Mətanət Əliyeva “Tehsil365”ə açıqlamasında bildirib ki:

“Müasir cəmiyyətdə insanların ən çox yaşadığı psixoloji problem, mənim fikrimcə, emosional tükənmə, depressiv hallar və təşviş pozuntularıdır.

Bugünkü insan çox sürətli ritmdə yaşayır, daim tələskənlik, rəqabət və sosial müqayisə içindədir. Hər kəsin üzərində “yetərincə yaxşı olmaq” və “hər şeyə çatmaq” təzyiqi var. Bu isə insanlarda daxili yorğunluq və emosional yüklənmə ilə nəticələnir.

Əvvəllər insanlar fiziki yorğunluqdan şikayət edirdilərsə, indi əsasən zehni və emosional yorğunluqdan əziyyət çəkirlər.

Emosional tükənmə zamanı insanın motivasiyası azalır, diqqət və yaddaş zəifləyir, əvvəl zövq aldığı fəaliyyətlər artıq maraqlı gəlmir. Uzun müddət davam etdikdə bu vəziyyət depressiv əhvala çevrilə bilir.

Müasir dövrün başqa bir reallığı isə zamanı idarə etmə çətinliyi və sürətlə dəyişən dünyaya ayaq uydurma tələbidir.

İnsanlar sanki fasiləsiz “çatmaq” rejimində yaşayırlar — işə, xəbərə, yeniliyə, uğura… Bu vəziyyət daxili sakitliyi pozur, beyini davamlı gərginlikdə saxlayır və nəticədə emosional sıxıntı, stress və daimi narahatlıq hissi yaradır.

Bir çox insanlar istirahət anında belə rahatlaşa bilmir, çünki beyin artıq “dayanmağı” unudub.

Eyni zamanda müasir dövrdə anksiyete (təşviş) və panik atak hallarının da artdığını müşahidə edirik. İnsanlar gələcəklə bağlı qeyri-müəyyənlik, sabitlik və təhlükəsizlik hissinin azalması fonunda davamlı narahatlıq yaşayırlar. Bütün bunlar həm psixoloji, həm də fizioloji səviyyədə ciddi təsir göstərir.

Bu gün həmçinin asılılıq formaları da geniş yayılıb — sosial media, oyun, emosional və ya alış-veriş asılılığı. İnsanlar çox vaxt real emosional ehtiyaclarını bu platformalar vasitəsilə doldurmağa çalışırlar. Nəticədə reallıqdan uzaqlaşma, diqqət dağınıqlığı və daxili boşluq yaranır.

Qeyd etmək lazımdır ki, bu problemlər təkcə böyüklərlə məhdudlaşmır. Uşaqlarda və yeniyetmələrdə də oxşar hallar müşahidə olunur. Xüsusilə uşaq depresiyası, qorxu, aqressiya, fobiya, eləcə də oyun və internet asılılığı çox rast gəlinir.

Bu mənzərənin ümumi nəticəsi ondan ibarətdir ki, müasir insan — istər böyük, istər uşaq — emosional balanssızlıq və ruhani doyumsuzluq problemi ilə üzləşib. Biz çox danışır, çox paylaşırıq, amma özümüzü dinləməyi, hisslərimizi tanımağı getdikcə unuduruq. Həyatımızda olan balanssızlıq psixoloji problemlərimizin təməlini qoyur. Unutmayaq ki psixi sağlamlığımıza vaxt ayırmasaq bu zamanla fiziki xəstəliklərin yaranmasına gətirib çıxarır.”

Alsu İsmayılova

Haber akışı

Şu anda haber akışın da haber yok...