6 – 17 oktyabr 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Günəş Qədimova Polşanın paytaxtı Varşava şəhərində keçirilən beynəlxalq təlimdə iştirak edib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, təlim Şərq Tərəfdaşlığı Dövlət İdarəçilik Akademiyasının tərkibində fəaliyyət göstərən Lex Kaçinski adına Milli Dövlət İdarəçilik Məktəbi tərəfindən təşkil olunub.
Proqram çərçivəsində beş Şərq Tərəfdaşlığı ölkəsinin rəsmiləri Polşada dövlət qulluğunda insan resurslarının idarə edilməsi siyasəti və tətbiq olunan qabaqcıl təcrübələrlə yaxından tanış olublar. Təlim zamanı iştirakçılar arasında beynəlxalq təcrübə mübadiləsinin təşviqi, elmi nəticələrin paylaşılması və qlobal tərəfdaşlıqların möhkəmləndirilməsi kimi məsələlərə xüsusi diqqət yetirilib.
G.Qədimova DİM-in fəaliyyət istiqamətləri çərçivəsində ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatlar, insan resurslarının idarə edilməsinə dair müasir yanaşmalar, həmçinin bu sahədə həyata keçirilən innovativ təşəbbüslər və layihələr barədə iştirakçılara ətraflı məlumat verib.

