Təhsil 365 - Logo Mobile

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsi davam edir

12120.10.2025 - 19:00
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsi davam edir

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə Bakı, Gəncə, Şəki, Bərdə və Göyçay şəhərlərində müsahibə mərhələsi davam edir.

“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, sertifikat əldə etmək üçün elektron qeydiyyat 6 oktyabr 2025-ci il tarixində sona çatıb. 2934 nəfər öz müraciətini təsdiq edib, onlardan 699 nəfərə tələblərə uyğun olmadığı və ya anket məlumatlarında çatışmazlıq olduğu üçün DİM tərəfindən müsbət cavab verilməyib. Yekunda 2235 nəfər müsahibə mərhələsinə buraxılıb.

Xatırladaq ki, namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.

Müraciəti DİM tərəfindən təsdiq edilən namizədlərə növbə ilə müsahibəyə qeydiyyatla bağlı elektron poçt və "sms" göndərilir. Həmin namizədlər elektron anketə daxil olaraq özlərinə uyğun olan müsahibə günü və vaxtını seçirlər. Müsahibəyə dəvət edilən namizəd ona təqdim olunmuş müsahibə günü və vaxtı ilə bağlı seçim etmədikdə bu onun zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirak etməkdən imtina etməsi kimi qiymətləndirilir.

Namizədlər aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

Şəxsiyyət vəsiqəsi;

Elektron anket (zal nəzarətçisi sertifikatına müraciət zamanı təsdiq edilmiş anket);

İş yeri haqqında arayış (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və ya dövlət qulluğu sertifikatı olan (dövlət qulluğu haqqında qanunun tələbinə görə dövlət qulluqçuları müraciət edə bilməzlər) şəxslərdən arayış tələb olunmur. 1) İş yerindən arayış tərtib olunma tarixi göstərilməklə təşkilatın blankında çap olunur, təşkilatın və ya struktur bölmənin rəhbəri tərəfindən imzalanır. 2) Namizəd bu arayışla birlikdə iş yeri haqqında arayışın elektron hökümət portalından çıxarışını da təqdim etməlidir;

Məhkumluq barədə arayış;

Vətən Müharibəsi iştirakçısı olduğu haqqında sənəd (olduğu təqdirdə);

“Əməkdar müəllim” olduğu haqqında sənəd (olduğu təqdirdə).

Namizədin təhsil haqqında sənədi və dövlət qulluğu sertifikatı DİM-in elektron bazası əsasında yoxlanılır.

Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu, onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər.

Müsahibə mərhələsi üçün vaxt seçimi edən 596 namizəddən 473 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılmış, 60 nəfər qeyri-məqbul qiymətləndirilmiş, 63 nəfər isə bu mərhələdə iştirak etməmişdir.

Məlumat üçün qeyd edək ki, müsahibə mərhələsinin bütün regionlar üzrə noyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...