Son dövrlərdə kitab mağazalarında qiymət artımı müşahidə olunur. Bu vəziyyət xüsusilə gənclər və tələbələr arasında narazılığa səbəb olub.
Təhsil eksperti Elnur Abbasov “Tehsil365”ə açıqlamasında kitab bazarındakı bahalaşmanın əsas səbəbləri və onun oxu mədəniyyətinə təsiri barədə fikirlərini bölüşüb.
Elnur Abbasov bildirib ki, kitab qiymətlərinin artımı ilk növbədə çap xərclərinin və kağız materiallarının bahalaşması ilə əlaqədardır. “Hazırda həm yerli, həm də xarici nəşriyyatlar kağız, rəng və nəşr avadanlıqlarının qiymət artımı ilə üzləşir. Nəticədə kitabların maya dəyəri yüksəlir və satış qiymətinə birbaşa təsir göstərir,” – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, qiymət artımı oxucuların, xüsusilə də tələbə və şagirdlərin kitab alma imkanlarını məhdudlaşdırır:
“Gənclər arasında oxuma vərdişinin zəifləməsi, bilik və mədəni inkişaf baxımından ciddi narahatlıq doğurur. Kitabların əlçatanlığı azalarsa, oxu mədəniyyətinin inkişafı da yavaşlayacaq.”
Ekspert əlavə edib ki, problemin aradan qaldırılması üçün bir neçə istiqamətdə iş görülə bilər. Onun fikrincə, təhsil yönümlü kitabların subsidiyalaşdırılması, elektron kitabların yayımının genişləndirilməsi və ictimai kitabxanaların yenilənməsi vacibdir.
“Bu addımlar həm gənclərin, həm də cəmiyyətin ümumi maariflənməsi üçün mühüm rol oynaya bilər,” – deyə Abbasov vurğulayıb.
Elnur Abbasovun sözlərinə görə, oxu mədəniyyətinin qorunması və kitabların əlçatanlığının təmin olunması milli dəyər kimi qiymətləndirilməlidir.
“Oxumaq təkcə şəxsi inkişaf deyil, həm də cəmiyyətin intellektual səviyyəsini müəyyən edən əsas göstəricidir. Kitab hər kəs üçün əlçatan olmalıdır,” – deyə təhsil eksperti əlavə edib.

